Rəna Butayeva-Biz kimik….

…Hələ uşaq ikən şüuraltımızı korladılar – deyilən yalan və yanlışlarla Eşitdiyimizi başa düşməmiş dedilər ki, “bunu da yesən gözəl olacaqsan”, oğlanlara isə “güclü olacaqsan” söylədilər. Amma demədilər ki, bu “gözəllik” və “güc” nəyə gərəkdir… Növbədə isə hamının verdiyi mənasız, eyni zamanda da uşaq düşüncəsini, psixologiyasını alt- üst edən sual: “Atanı çox istəyirsən ya Ananı?” Bir səhv edən kimi danladılar, bəzən də döydülər. Amma bundan əvvəl soruşmadılar ki, niyə bu səhvi edirsən? – heç özlərinə də bu sualı vermədilər.. . Ardınca bizə müqayisə öyrətdilər. Daha demədilər ki, bu paxilliq və ikrah hissi doğura bilər. “Filənkəs görürsən nə yaxşıdır”, “filənkəs ağıllıdır”, “filənkəs böyüyəndə görərsən necə adam olacaq” və s. Sonrasa məktəb… Müəllimlər hər dərsi izah etdilər – Tarix, Biologiya, Riyaziyyat, Fizika, Ədəbiyyat və s. Babəkin azadlıq uğrunda mübarizəsindən danışdılar… Amma azadlığın nə demək olduğunu izah edən olmadı. Təkamül nəzəriyyəsindən danışdılar, lakin əsl yaradılışı deyən olmadı. Triqanometriya öyrətdilər, heç demədilər ki, bu sizin nəyinizə gərəkdir. Nyutonun qanunlarından, Kvant nəzəriyyəsindən də danışdılar. Öz qanunlarımızdan başqa hər şey öyrətdilər. Başqalarının yazdıqlarını da əzbərlədik – adbaad. Amma öz fikirlərimizi soruşan olmadı. Sonrasa böyüdükcə anladıq ki, uşaq ikən danışılan nağıllar hamısı yalanmış. Sən demə cırcırama qarışqa ilə söhbətində haqlı imiş. Çünki nağıldakı kimi bütün yayı işləyən qarışqa sağ qalmır, qarışqa yuvasında yalnız bir qış yaşayıb ölür. Amma cırcırama heç nə yemir, yayda yenidən yuxudan oyanıb yaşayır. Hər nağılın sonunda xeyir şər üzərində qələbə çalırdı. Amma gördük ki, bu təkcə nağıllarda olurmuş. Və göydən düşən mənasız almalar… Şüuraltı hələ uşaq ikən məhv olmuş millətik…..

P.s. Bizi bu günə saldılar…. Heç olmasa biz bu cür ideologiya ilə şəxsiyyət yetişdirməyək….Nağıllar yuxusundan oyanıb yuxu kimi gördüyümüz nağılları gerçəkləşdirməyə çalışaq…

Comments

comments