Ziya Balıyev-Üzeyir Hacıbəyov düşüncə inqilabçısı kimi.

Üzeyir Hacıbəyov dünya şöhrətli bəstəkardır. Üzeyir bəyə Azərbaycan musiqisinin atası da deyə bilərik. Yazdığı bəstələrlə dünya şöhrəti qazanmış bu insan, Şərqdəki ilk operanın da müəllifidir. Bəstəkar kimi tanınsa da, o bəstəkardan daha artıq, düşüncə inqilabçısı, tənqidçi və Azərbaycan müasir düşüncəsinin banilərindəndir.
Üzeyir Hacıbəyov müəllifi olduğu əsərlərdə Azərbaycandakı köhnə, absurd düşüncə tərzini tənqid edir, bu adətlərdən çıxmağa çağırırdı. “O olmasın, bu olsun” operettasında Üzeyir bəy qızların zorla ərə verilməsini, qoca kişilərin az yaşlı uşaqlarla evlənməsini sərt tənqid edir. Əsərdə Rüstəm bəy öz 15 yaşlı qızı Gülnazı puluna görə qoca Məşədi İbada vermək istəyir. Gülnaz isə öz sevdiyi Sərvərə qovuşmağa çalışır. Bu axmaq adətləri tənqid edən Üzeyir bəy, əsərin sonunda bir birini sevən gəncləri qovuşdurur. Dahi bəstəkarın şedevr əsəri isə mənə görə “Arşın mal alan”dır. Bu operettada daha ciddi bir problemə toxunulur. O dövrdə geniş yayılmış və hardasa hər yerdə tədbiq edilən görmədən evlənmək məsələsi tənqid edilir. Tacir olan gənc Əsgər bütün adətləri taptalayaraq evlənəcəyi qızı görərək seçmək istəyir. Ailənin qəti etiraz edərək “İllərdir bu adət belədir, sən dəyişdirə bilməssən”-, deməsinə rəğmən Əsgər çox gözəl bir yol tapır. Parça satan cildində qapı qapı gəzərək qadınlara baxır və nəhayət bir qızı bəyənərək evlənir. Bu operetta rəğbət qazandığı qədər də tənqid edilir. 1913cü ildə İqbal qəzetində Hacı İbrahim Qasıməv “Bu cür tamaşaların xalq üçün təhlükəli olduğunu, millətin əxlaqını pozduğunu”-, yazırdı. Bütün tənqidlərə rəğmən Üzeyir Hacıbəyovun bu modern düşüncələri şöhrət qazandı və Azərbaycan düşüncə tərzində bir inqilaba yol açdı.

Comments

comments