Turan Hüseynov-Niyə oxumuruq?

Maraqlı sualdır, deyilmi? Hamı oxumaqdan, elmdən, savaddan danışdığı halda oxuyan insanlarla rastlaşmaq niyə nadir hala çevirilib? Statistik məlumatlar göstərir ki, bəzi ölkələrdə orta hesabla bir nəfər ildə 20-dən çox kitab oxuyur, bizdə isə…

İstəyirəm məsələnin araşdırılmasına cəmiyyətimizin gələcəyi olan şagird və tələbələrdən başlayım. Əksər hallarda məktəb, kollec və universitet tələbələrinin proqrama salınmış fənnlərə qarşı etinasız olduğunun şahidi oluruq.Şagird və tələbələr yalnız imtahan öncəsi kitabı vərəqləməyə başlayır, imtahanla bağlı hissələri əzbərləyir və işini tamamlanmış hesab edir.

Müşahidə və araşdırmalar göstərir ki, belə halların bir neçə səbəbi var. Səbəb və çıxış yollarını aşığıda açıqlamağa çalışacayıq.
Ən mühüm səbəb şagird və tələbələrin proqrama salınmış fənnlərin predmeti və faydasından xəbərsiz olması, müəllimlərin isə tələbələri fənn ilə tanış etməməsidir. Təbii olaraq tələbə tanış olmadığı bir fənnə qarşı maraqsız olacaqdır. Ətrafa nəzər yetirsək, görərik ki, bir çox tələbələr “bu fənn mənə lazım deyil”, “fənnin ixtisasımla əlaqəsi yoxdur” kimi fikirlərlə özlərinə haqq qazandırmağa çalışır.
Hər şeydən əvvəl, əziz tələbələr bilməlidir ki, tədris qroqramı ixtisaslı mütəxəssislər tərəfindən hazırlandığına görə proqramdakı bütün dərslər ya birbaşa yada dolayı yolla ixtisasla əlaqəli olur. Fənnin adı, dərs vəsaitinin üz qabığı sizdə mənfi təsir yaratsa belə, diqqətinizi öyrənəcəyiniz məlumatlara yönəldin. Yeni bir dərs vəsaiti aldıqda vəsaitin ön sözünü mütləq oxuyun. Dərsliklərin mündəricatına göz gəzdirin və gələcəkdə öyrənəcəyiniz mövzularla tanış olun, bu sizdə fənnə qarşı maraq oyadacaq. Əgər yeni fənnə başlayırsınızsa, mütləq fənn, onun faydaları, sizə necə köməkçi olacağı haqqda suallarla müəllimə müraciət edin.
Unutmayın ki, öyrənəcəyiniz hər bir məlumat gələcək uğurlara doğru qalxan bir pillədir. Daha çox uğur qazanan, daha çox pillə qalxandır.

Məsələyə daha ətraflı yanaşsaq görərik ki, bir çox hallarda insanlar oxumağın faydasını anladıqları halda oxuya bilmədiklərindən şikayətlənirlər. Faydalı olmasına inandığımız bir işi nə üçün praktikada reallaşdırmırıq?
İşin faydalı olmasını anlamaq o işi yerinə yetirmək üçün əsas şərtlərdən olsa da, digər şərtlər də ödənilməlidir ki, istədiyimiz iş reallaşsın. Oxumaq üçün tələb olunan əsas şərtlərdən biri vaxt anlayışıdır. İnsanlar kitab oxumaq üçün tapa bilmədikləri vaxtı sosial şəbəkə, məhəllə, telefon danışıqlarında heç bir narahatçılıq olmadan israf edirlər. Kişilər televizor qarşısında 90 dəqiqə futbol izləməyə, xanımlar isə saatlarla serial izləməyə vaxt tapa bildiyi halda kitab oxumaq üçün zaman azlığından şikayətlənirlər. Deməli, vaxtımız var, sadəcə olaraq vaxtdan düzgün istifadə etməyə səy göstərməliyik. Mühüm işlər üçün daha az əhəmiyyətli işlərdən çəkinməyi bacarmalıyıq. Televizya, social şəbəkə, başqalarının müzakirəsi kimi “şirin” amma çox təhlükəli vaxt oğurlarından qurtula bilsək, çoxlu dəqiqələrimizi xilas edəcəyik, növbəti mərhələdə isə həmin dəqiqələri kitablarla bəzəməliyik.

Mövzunun çox geniş olması hər birimizə bəllidir, bununla yanaşı, mövzu ilə əlaqədar fərdlərə görə dəyişən çoxsaylı problem və həll yolları da ola bilər. Bu qısa yazıda isə insanları kitabdan uzaqlaşdıran iki ən çox yayılmış səbəbi və onların həll yolları haqda yazmağa çalışdıq.

Beşikdən qəbrə qədər oxumaq diləyi ilə…

Comments

comments