Maya Anjelu – Qızıma məktub

Əziz qızım, Bu məktubun tamamlanması yaman çox vaxt aldı. Bildiyim tək şey o idi ki, öyrəndiyim bəzi dərsləri və onları hansı şərtlər altında öyrəndiyimi sənə demək istəyirdim. Uzun bir həyatım oldu, bəzən qorxudan əssəm də, çox şeyləri sınamağa cəsarət etdim, etiraf edim ki, hələ də cəsarətliyəm. Həyatımda mənə dəyərli dərslər öyrədən insanlar da, dünyanın şaftalı və qaymaq olmadığını yetərincə xəbərdarlıq edən insanlar da oldu. Mən çoxlu səhvlər etdim və şübhəsiz ki, ölənə qədər daha çox edəcəyəm. Mən ağrını görəndə, təcrübəsizliyim xoşagəlməzlik yaradanda, öz məsuliyyətsizliyimi qəbul etməyi, ilk öncə özümü bağışlamağı, daha sonra incitdiyim insanlardan üzr istəməyi öyrəndim. Tanrıya peşmanlıq və tövbədən başqa təklif edə biləcəyim heç nəyim yoxdur, ümid edirəm ki, səmimi üzürxahlığım qəbul olunacaq. Baş verəcək hər şeyə nəzarət edə bilməzsən, amma nəyin baş verməsinə qərar verə bilərsən. Kiminsə buludu üçün göy qurşağı olmağa çalış. Şikayətlənmə. Bəyənmədiyin şeyləri dəyişmək üçün hər cəhdi et. Nəyisə dəyişə bilmirsənsə, fikirlərini dəyiş. Yeni çıxış yolu tapacaqsan. Heç vaxt ağlayıb-sızlama. Bu ,cəllada xəbər verir ki, qurban yaxınlıqdadır. İnsanlıq üçün möhtəşəm bir şey etmədən ölməyəcəyindən əmin ol. Mən bir uşağa –oğluma həyat verdim, lakin mənim minlərlə qızım var. Sən- qara və ağ, yəhudi və müsəlman, asiyalı, ispan dilli, yerli amerikalı, aleutsan. Sən arıq və köksən , gözəl və çirkinsən, homoseksual və hetereoseksualsan, savadlı və savadsızsan və mən hər şeyi sənə danışıram. Mənim sənə təklifim budur: İnamını qoru. Yeddinci onilliyim də daxil olmaqla çox şeylər məni heyrətləndirməyə davam edir. İnsanlar mənim yanıma gəlir və heç bir sual cavabsız xristian olduqlarını deyərkən çox təəccüblənirəm. Mənim ilk cavabım bu sual olur: Artıq xristiansız? Mənə elə gəlir ki, xristian olmaq ömürlük cəhd etməkdir. Mən inanıram ki, bu buddist, müsəlman, yəhudi, caynist və ya daoist olmaq istəyən hər kəs üçün doğrudur. Dini etiqadları güclü olan insanlar elə yaşayırlar ki, sanki bu səssiz, cənnət kimi tərtəmiz vəziyyət əbədiyyətə qədər davam edəcək. Bu insanlar sonda axtardıqları ekstazı tapırlar. Hamı üçün baş edilməsi çətin olan depressiya, öz əlil oğlunun nazı ilə oynayan və iki kiçik nəvəsini böyüdən Cənub ştatlarındakı bu qaradərili qadın üçün daha çətindir. “Mamma” deyə çağırılan nənəmlə bağlı ən köhnə xatirələrimdən biri tutunacaq heç nəyi olmadan öz ayaqları üstündə durmağı bacaran bu uzun boylu, darçın rəngli saçları olan, dərin, yumşaq səsli qadının ani baxışıdır .Nənəm nə vaxt problemlə üzləşsə əllərini kürəyində çarpazlayar, özünü səmaya təslim edərcəsinə səmaya baxardı, sanki altı fut boyu ilə ora çatacaqdı. O, bütün dünyaya, xüsusi ilə öz ailəsinə deyərdi:” Bizim ehtiyacımız olan şeyləri necə tapmaq lazımdır bilmirəm, amma mən addım-addım Tanrıya yaxınlaşıram. Mən xristian olmağa və Tanrıya tərəf addımlamağa çalışıram.” Və dərhal mən onun səmaya atılmağını, başının üstünəki ulduzları, çiyinlərinin ətrafında vıyıldayan kometləri görə bilirdim. O, Tanrıya doğru yaxınlaşmağa başlayandan bəri səmada nəhəng idi.”Mamma”nı belə güclü görmək mənim üçün çətin deyildi, çünki o,Tanrıya sığınmışdı. İllər sonra nənəm haqqında fikirləşərkən mən bir İncil mahnısı yazdım. Bu manhını Missisipi Mass xoru möhtəşəm şəkildə oxumuşdu: “Öz qolunun gücünə arxalan dedin, Arxalanıram, Öz sevginə inan dedin, Inanıram, Öz adınla çağırıl dedin, Çağırılıram, Sənin sözünlə addımlayıram.” Nə vaxt özümdən Tanrı var mı deyə soruşsam, səmaya baxıram. Və tam orda, günəşin və ayın arasında nənəm dayanır. Uzun kilsə mahnısını oxuyaraq, o mahnı ki, gah inilti, gah nalə, gah layladır. Və mən bilirəm ki, inam, görünməz şeylərin sübutudur. Və etdiyim tək şey xristian olmağa davam etməkdir

 

Tərcümə: Humay Hüseynli

Comments

comments