Tural Abbasov-Multikulturalizm və Gələcək Dünya

Qloballaşma  dövründə bəzi anlayışlar var ki, hər zaman öz aktuallığını qoruyub saxlayır. Demokratiya, insan haqları, tolerantlıq və digər məfhumlar tez-tez müzakirə mövzusu olurlar. Multikulturalizm də həyat tərzi və mahiyyət baxımından qədim olsa da, bir anlayış olaraq yeni tarixə malikdir. Fikrimcə, həm multikulturalizm, həm də hər hansı bir mövzuda konkret fikir yürütmək üçün müəyyən qaydaya ehtiyac var. Bu məqamda “nəzəriyyənin və ideyanın həqiqiliyinin meyarı onun praktikada verdiyi faydadır” fikrini əsas tutmağı düşünürəm.

İlk dəfə olaraq keçən əsrin 70-cı illərində əhalisinin tərkibi fransız və ingilislərdən ibarət olan Kanadada multikulturalizm siyasəti tətbiq edilməyə başladı. Kanada dövləti iki etnik qrupdan heç birinə üstünlük verməməyi, ümümiyyətlə cəmiyyətdaxili münasibətlərə qarışmamağı və “Kanada dövlətçiliyi” adlanan vahid çətir altında sosial qruplara  öz mədəni seçimlərində azadlıq tanıdı. Hətta bu istiqamətdə fəaliyyət göstərəcək Çoxmədəniyyətlilik Nazirliyi də yaradıldı.  Eynilə ABŞ da keçən əsrin 70-ci illərin sonundan multikulturalizm siyasəti aparmağa başladı. Avropanın bir çox ölkələrində də multikulturalizm ideyaları populyarlıq qazandı və dövlətlər bu ideyanın tərəfdarı kimi çıxış etməyə başladılar. Lakin 2010-cu ildən sonra Britaniya, Almaniya və Fransa kimi dövlətlərin liderləri Avropada multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu və bu siyasətdən imtina etdiklərini bildirdilər . Fransanın əvvəlki multikulturalizm xəttindən Böyük Britaniya ilə Almaniyanın eyni dərəcədə tədricən geri çəkilməsi (prezident Sarkozinin, baş nazir Kameronun və kansler Merkelin multikulturalizm siyasətinin iflası barəsində səs-küylü bəyanatlar fonunda), milli kimlik amilinə həddən artıq diqqət yetirilməsi, immiqrasiya siyasətinin sərtləşdirilməsi, ictimai həyatdakı ikili milli-dini standartlar, ayrı seçkiliyə yol açan və müəyyən sosial qrupların fundamental hüquq və azadlıqlarını məhdudlaşdıran bir sıra qanunların qəbulu ( ictimai yerlərdə dua etməyin və hicabın qadağan olunması, Almaniyanın bəzi torpaqlarında sünnətin qadağan edilməsi və s. ) – bütün bunlar yalnız sosial toqquşma və çarpışmaların dərinləşməsinə və adıçəkilən ölkələrin demokratik imicinin korlanmasına gətirib çıxartdı. Avropada multikulturalizmin böhranının digər səbəbi onunla bağlıdır ki, mədəniyyətlərarası təbii inteqrasiya prosesində miqrantların gətirdiyi mədəniyyət daha güclü oldu. Avropa iki problemlə qarşılaşdı: Birinci müsəlmanlar yerli mədəniyyətlə inteqrasiyaya getmədi. Əksinə avropalılarda islama yönəlmə prosesi başlandı. Həmçinin
müsəlmanlar arasında təbii artım səviyyəsinin yüksək olması Avropa liderlərini narahat etməyə başladı. Müsəlman icmasının sayının artmasında əsas təhlükə ondan ibarətdir ki, dövlətdə islamlaşma gedə bilər. İkinci problem isə tədricən ağ dərili irqin azalması və təbii artım hesabına qaradərililərin sayının durmadan artması idi. Bu tendensiya perspektivdə Avropada ağ dərili irqin yoxa çıxması təhlükəsini yaradır. Qərbin əhalinin humanist yolla azalmasına istiqamətlənmiş təbliğatı Avropanın köklü əhalisində öz təsirini göstərdi. Ailə planlaşdırılması, qadın kişi bərabərliyi, cinsi azlıqların hüquqları, gender problemləri, qadının cəmiyyətdə rolunun artması və s. kimi məsələlər əslində doğum səviyyəsinin aşağı salınmasına hesablanıb. Lakin miqrantlar bu dəyərləri istənilən səviyyədə mənimsəmədikləri üçün nəticədə Avropa əhalisi azalmağa, miqrantların sayı isə artmağa başladı. Miqrantların Avropaya gəlişi II Dünya müharibəsindən sonra geniş vüsət alıb. Böyük insan resurslarını itirən Qərbi Avropa ölkələri müharibədən sonra keçmiş müstəmləkə ölkələrindən ucuz işçi qüvvəsi kimi miqrantları qəbul edərək bu çatışmazlığı aradan qaldırmağa başladılar. Müharibədən sonra Avropa ölkələrinin sürətli iqtisadi artımı daxili işçi qüvvəsini bir neçə dəfə üstələyirdi. Avropada yerli əhalinin yaşlaşması və qonşu regionlarda ucuz işçi qüvvəsinin bolluğu Qərb dövlətlərinin keçmiş müstəmləkə ölkələrindən miqrasiyanı təşviq etməsi ilə nəticələndi. Hazırda Avropada işçi miqrantların böyük hissəsi müsəlmanlardır. Bundan başqa Afrikanın müsəlman olmayan ölkələrindən, Hindistandan da öz mədəni dəyərlərinə sadiq miqrantlar Avropanın yerli sakinlərinə çevriliblər. Nəticədə artıq 1950-ci illərdən başlayaraq Fransa, Almaniya, Belçika, Niderland və digər Qərbi Avropa ölkələrində xristian olmayan və Qərb dəyərlərindən kənar yeni bir immiqrant nəsli yaranmağa başlayıb. Müqayisə üçün qeyd etmək olar ki, əgər 1950-ci illərdə Avropa əhalisinin 800 000 nəfəri müsəlman idisə, 2010-cu ildə bu rəqəm 44 milyon nəfərə çatmışdır. Tədqiqatçıların fikrincə, mühacirlərin Avropa ölkələrinə axını və onların arasında təbii artımın yüksək olması nəticəsində 2050-ci ildə Avropa əhalisinin 20%-i müsəlman olacaq. Hazırda dünyada gələcəkdə dini və dünyəvi dəyərlərin birgəyaşayışı olmalıdır,. Qərb və İslam mədəniyyətləri yanaşı yaşaya bilməz kimi müxtəlif fikirlər səslənir. İndi Avropada demokratiya yaxud şəriət qaydaları, islam yoxsa azadlıq kimi əslində qətiyyən müqayisə oluna bilməyəcək məfhumlar cəmiyyətin qarşısında əks dilemmalar kimi ortaya qoyulur. Lakin bu bir reallıqdır ki, islam dəyərləri artıq Avropa əhalisinin bir hissəsinin seçimidir. Buna tolerant yanaşma olmasa, islam faktoru Qərb dəyərlər sistemində öz layiqli yerini tutmasa bu ilk növbədə Avropanın gələcəyi üçün problemə çevriləcəkdir.
Sonda əvvəldə əsas tutduğum fikrin (nəzəriyyənin və ideyanın həqiqiliyinin meyarı onun praktikada verdiyi faydadır) üzərinə gələrək vurğulayım ki, multikulturalizm kimi prinsiplər hər nə qədər cəmiyyətləri nizamlamağa  yönəlsə də müvəqqəti olaraq qüvvədə qalacaq.  Çünki, müasir dünyada beynəlxalq münasibətlər, geosiyasət elmi müxtəlif nəzəriyyələrlə dünyanın gedişatına əhəmiyyətli dərəcədə təsir edir.  Xüsusilə svilizasiyaların toqquşması, mondializm, neomondializm nəzəriyyələri bəşəriyyətin gələcəyi barədə ciddi suallar yaradır. Svilizasiyaların (Qərb, Konfutsian, Yapon, İslam, Hindu, Slavyan-Pravoslav, Latın Amerikası və bəlkə də Afrika sivilizasiyaları) toqquşmasında “Sən kimsən?” , mondializmin vahid dünya konsepsiyası, neomondializmin ikiqütblükdən çoxqütblüyə keçməyin vacibliyi məsələsi ətrafında yağdırılan gümanlar yaxın gələcəkdə praktikada özünü göstərəcək.

Comments

comments