Kamran Şıxəlizadə-Qadağan olunmuş yazı

Bilməmək haqqında

Bilməmək xoşbəxtlikdir deyə bir deyim vardır, bu özlərini ağıllı göstərmək istəyən tiplər arasında məşhur ifadədir. Mən də özümü ağıllı göstərmək üçün bu fikirlə qismən razılaşmaq istəyirəm və bununla da sizə bir neçə bəsit misal çəkmək məcburiyyətində qalıram. 1. Validenylərim məktəb xatirələrindən danışarkən biraz geri zəkalı olan qızın ayağının çox əvvəl kəsilib qanamasına baxmayaraq bunu yalnız özü gördükdən sonra ağladığını danışırdılar, 2. Pəncərədən düşən günəş şüasında görünən tozlar evin əslində bütün hissəsinsə olmasına baxmayaraq uşaqlıqda yalnız bu işıq düşən hissədən kənarda dururdum ki, toz boğazıma getməsin, 3. Xaricə səfər etmiş adamlar belə bir şey danışırlar ki, guya orda buna nəsə dəhşətli dərəcə dadlı bir şey yedizdiriblərmiş, barmaqlarını yalayıbmış amma gəl ki, bunun hansısa qəribə bir heyvanın ya həşəratın əti olmasını biləndə halı pisləşibmiş. Verdiyim üç misalda da bəsit də olsa nəyisə bilməyin insanı narahat etdiyinin şahidi oluruq. Bununla da deyirəm “nəyin olması problem deyil, nəyi problem etdiyin önəmlidir”.

Robototexnika haqqında

İnsanlar hər zaman robotdan fərqləndiklərini fəxrlə söyləyirlər. Mən də bu fərqliliklə razıyam ancaq bu fərqlilikdə robotlar daha üstündürlər. İnsanlar günlərcə eyni şeylərlə məşğul olur, hər şeyi beynində proqramlaşdırır və buna görə hərəkət edir. Bəs onda bizi robotlardan, lap elə biraz da kobud desək heyvanlardan nə fərqləndirir? “Gündüz naxıra, axşam axıra”(Şəhər uşaqları bilməz deyə qeyd: naxır – otlaq sahəsi, axır – heyvanların axşam toplandıqları yer). Bu deyim insanlara da aiddir, hər gün eyni şeylər və bəzən insanlıq əlaməti olan ayıq düşünmək cəhdləri. Yaxşı bir çarə düşünüb hər kəsə iki dəfə düşünməyi məsləhət görürlər, lakin əgər iki dəfə düşünmək də vərdiş halına çevrilsə necə? İnsan beyni hər şeyi proqramlaşdırır, əzablar da davamlı olduqda adətə çevrilir, beynimiz burnumuzdan bezir və onu görmək istəmir və görmür də, sürücülər başının üstündə “ata asta sür” yazısını görmürlər. İnsanlardan gözəl bir yük eşşəyi robotu hazırlanır, proses gedir və biz də bunun içindəyik.

Razılaşmamaq haqqında

Bir dəfə dostum yazdı “verdiyin kitab p*xdu”. Verdiyim kitabı bəyənməmişdi, kitabda onun bildiklərinə zidd çox şey vardı. Mən də ona oxuduqlarını ciddiyə almamağı məsləhət gördüm, mən də həmişə belə edirəm. Belə bir sevdiyim ifadə var “insan artıq bildiklərinə inanır”. Yəni bir insana nə qədər də yeni şeylər aşılamaq istəsən, o yenə öz bildiklərinə görə qiymətləndirəcək.  Əgər sən ateistsənsə əks tərəfdən sənə verilən bilgilər qəbul olunmur, ya da misalı əksinə çevirsək. İnsanlar bilmədiklərinə düşmən kimi yanaşır və onu tamamilə rədd edir. Mövzuya uyğun belə bir ifadə var “qadını dəyişmək istəyirsənsə onunla razılaş”.

Xüsusiləşdirmə yaxud əhilləşdirmə haqqında

“Balaca şahzadə”də tülkü ilk dəfə gördüyü şahzadəyə deyir “indi sən mənimçün milyon oğlandan birisən, mən də səninçün milyon tülküdən biri”. Daha sonra tülkü şahzadəyə əgər onu əhilləşdirsə bir-biriləri üçün dünyada tək olacağını deyir. Mənə bilmirəm nədənsə bu fikirlər sirrli gəlir. Məsələn, əgər siz bir filmi sevirsizsə onun soundtreki sizə çox xoş gəlir, amma əgər baxmamısızsa çox yaxşı olsa da sizə xoş gəlməyə bilir. Demək, belə hall baş verirsə bilin ki, artıq bu film sizi əhilləşdirib.

Qadağan haqqında

Yaxın illərdə ABŞ-da narkotik alveri leqallaşdırıldı və müəyyən miqdarda narkotik siqaret kimi satılmağa başladı. Yenə qeyri-səmimi cəmiyyətimiz bunu ah-vayla ABŞ cəmiyyətinin və dövlətinin əxlaqsızlığı kimi qiymətləndirdi. Fikrimcə isə bu çox təqdirə layiq qərardır və narkotik alverindən narkobiznesmenlər yox dövlət qazanacaq, bundan əlavə qadağanın götürülməsi narkotikin cazibəsini azaldacaq. Bir filmdə eşitmişdim “əgər vitamin C qadağan olsaydı sən onu dərhal damara yeridərdin”. Azərbaycanda faişəliyin leqallaşdırılması məsələsini də sosioloqların ortaya atmasından sonra qeyri-səmimi cəmiyyətimiz yenə eyni reaksiyanı vermişdi, mən də bunu dövlətin yox, cəmiyyətin çox hissəsinin axmaqlığı hesab edirəm. Bundan əlavə “qaydaları elə qoy ki, ona əməl edilə bilsin” deyə bir ifadə var ancaq mövzudan kənar çıxmamaq üçün bu məsləyə toxunmuram.

 

Qadağanın vəhşi cazibəsi də bizə məlum olduqdan sonra mən də bundan istifadə edərək bu yazını qadağan edirəm. Belə elan sizi necə də cəlb edərdi “bu yazı işıq üzü görən kimi qadağan olundu”.

Comments

comments