David Berliner-İnsan olduğumuzu xatırladan və yaradıcılığımıza təkan verən ziddiyyətlərimiz

Bir gün ərzində neçə dəfə ziddiyyətli düşüncəyə qərq olduğunuzu düşünmüsüz? Bəs, neçə dəfə düşüncələriniz etdiklərinizlə ziddiyyətdə olub? Duyğularınız prinsip və inanclarınıza müqavimət göstərir? Bir çox hallarda biz öz ziddiyyətlərimizi görmürük, başqalarında bu cür uyğunsuzluqları müşahidə etmək daha asandır. Halbuki siz də ən az mənim qədər ziddiyyətlər içindəsiniz. Biz insanlar ziddiyətlərdən ibarətik, sakit bəzən də ağrı-acı içində, təzadlarla dolu özümüzlə yaşayırıq. Walt Whitman “Mənim özümün mahnısı”nı (“Song of Myself”) yazarkən yanılmamışdı:

Mən özümlə ziddiyyətdəm?
Çox yaxşı, deməli mən özümlə ziddiyyətdəm.
(Mən genişəm, özümdə bir çox simanı ehtiva edirəm.)

Məsələn, uşaq əməyinə və ya ekoloji tullantılara etiraz edib texnologiji xırdavat almaq yaxud oğurluğu qınayıb pirat mahnı və ya film yükləmək haqqında düşünün. Şəxsi həyat haqqında çıxış etdikdən dərhal sonra Facebookda şəxsi həyatı ilə bağlı şəkilləri yerləşdirənlər barəsində düşünün. Daim təyyarədə olan təbiətpərəstlər, kasıblıqdan qorxan tacirlər, inancını itirib xütbə verən din xadimləri var. Sebastián Marroquín laylası ilə yuxuya getdiyini xatırladığı atası Kolumbiya tarixinin ən qəddar qatili, narkotik qaçaqmalçısı Pablo Escobar idi. Ziddiyyətli bir həyat yaşamaq bəlkə də tamamilə insana məxsus bir məfhumdur.

Amerikalı feminist tarixçi Joan Wallach Scott tənqidi düşünənlərin fərqləndirici xüsusiyyətlərinin “ziddiyətləri göstərmək” olduğunu, bununla belə onların özlərinin də bu ziddiyyətlərdən qaça bilmədiklərini vurğulayır. Fransız filosof François Noudelmann “Yalanların dahisi” (Le génie du mensonge) adlı kitabında Michel Foucaultu ölümcül xəstəliyini gizlədərkən “həqiqətin cəsarətindən” bəhs edən bir şəxs, Jean-Paul Sartrı Vişi dövründə anlaşılmaz bir rol ifa edən intellectuel engage kimi təsvir edir.

Bu gün dünyaca məşhur bəzi elm adamları kapitalizmi tənqid edərək qazanc əldə edirlər. Bəlkə də ziddiyyətlər intellektual yaradıcılığa təkan vermək üçün lazım olan komponentdir. Bir çox insan psixoloji müvazinət əldə etməyə çalışarkən ziddiyyətlərimiz mənliyimizdə daha dərin çatlar meydana gətirirlər. Bilərək yaxud bilməyərək, bu çatlar yaradıcılıq potensialımızı artırır. Bu yolla daxili ziddiyyətlərimizdən yaxşı məqsədlə istifadə etmək olar. Daxili ziddiyyətlərimiz və bunları aradan qaldırmaq istəyimiz olmasaydı, bəlkə də sənət, elm yaxud fəlsəfə də olmazdı.

Plutarxın stoik təliminə əsasən, düşüncələri və davranışları tam uyğunluq içində olan bir insan varmı? Xeyr. Amma bu heç də həmişə böhran üçün səbəb deyil. Biz bilik, davranış və duyğularımızın təsnifatını aparırıq. Bəzi sahələrdə düşüncə və davranışlarımız qəbul edilir, bəzilərində isə yox. Məsələn, qurbanları qəddar rejimdən qorumaq üçün yalan danışıldıqda cəsarətli addım kimi qarşılanır, dostlar arasında isə yalana yer yoxdur. Elm adamları həm laboratoriyalarda sübutlara əsaslanan tədqiqatlar apara, həm də fövqəltəbii qüvvələrdən bəhs olunan dini söhbətlərdə iştirak edə bilərlər.

İnsanlar məhz bu təsnifat aparmaq bacarıqları sayəsində ziddiyyətləri ilə yaşaya bilirlər. Ziddiyyətli ifadələr, hərəkətlər və ya duyğular öz kontekstlərindən çıxarıldıqda, biz koqnitiv dissonansı yumşaltmaq üçün bəhanələr tapmaqda mahirik. Təbiətpərəst dostuma siqaret çəkməyin ekoloji davranış olmadığını deyəndə, mənə verdiyi cavab belə oldu: “Bilirəm David, amma mən bükülmüş siqaret çəkirəm.” Elə bil bükülmüş siqaret istehsal olunanlardan daha az zərərlidir və tütün istismarı edən şirkətlərlə – özü də bunları tənqid edir – heç bir əlaqəsi yoxdur.

Daxili dünyamızda həmişə ziddiyyətlər var və bu ziddiyyətlər, xüsusilə, inanc, əxlaq və oxşar güclü duyğular işə qarışdıqda aydın görünür. Etnoqrafik tədqiqatlar apardığım Qvineya və Laosda insanların əksəriyyəti özlərini müxtəlif formalara: heyvan, bitki yaxud əşya formasına sala bilən, hətta gözəgörünməz ola bilən ruhani varlıqların mövcudluğundan əmin idilər və bu inanclarında zərrə qədər ziddiyyət yox idi. Bizim mədəniyyətimizdə isə yaşayan ölülər kimi zombiləri və tamamilə insana məxsus hislərə malik olan robotları görürük. Əslində şüurumuz “ziddiyətsizlik prinsipinə” zidd olan bu cür ziddiyyətli xüsusiyyətlərə malik varlıqlarla doludur. Eyni anda həm A, həm də qeyri-A ola bilmək mümkün görünməsə də, insanlar ziddiyyətli xüsusiyyətləri olan varlıqlara məftundurlar. Psixoloqların göstərdiyi kimi, bəzi ziddiyyətlər insan şüurunu xüsusilə cəzb edir. Bu ziddiyyətlər heyvanlar, insanlar yaxud süni yaradılmış varlıqlar haqqındakı əsas ontoloji prizmamıza uyğun gəlmir. Nəticə etibarilə bu ziddiyyətlər idrak prosesində xüsusi yer tuturlar.

İnsan öz sərhədlərini aşmağa başladıqda işlər daha da mürəkkəb hal alır. İnsanların ünsiyyəti ziddiyyətlərdən, məsələn, deyilənlərlə jest və mimikalarla ifadə edilənlər arasındakı incə manevrlərdən ibarətdir. İnsanlar daim qarşısındakının ziddiyyətli danışığına şərh verməyə və cəmiyyətdə müşahidə etdiyi təzadlı davranışların mənasını anlamağa çalışır. (İngilis antropoloq Gregory Bateson ve Kaliforniyadakı Palo Alto qrupundan həmkarları bu fenomenlərlə bağlı məqalələr dərc ediblər. )

İnsanın paradoksal əmrlər aldığı vəziyyətlər var, məsələn, müəllimin şagirdlərinə “düşünmədən edin!” deməsi kimi. Ən pisi azyaşlıların valideynləinin ziddiyyətli emosional tələbləri qarşısında düşdükləri vəziyyətdir. Yenə də antropoloqların göstərdiyi kimi, məsələn, rituallarda ziddiyyətlərin tətbiq olunması və ünsiyyət vasitəsi kimi dəyərləndirildiyi patoloji olmayan nümunələr var. Yəhudi qız uşaqlarının ilk menstruasiya dövlərində əvvəllər geniş yayılmış “sillə vurma” adətini düşünək. Şərqi Avropa yəhudilərində qız uşağı menstruasiya dövrünə daxil olduğunu anasına dedikdə anası qızına sillə vurur və “Mazel tov!” (Təbriklər!) deyərdi. Bu misalda görünən ziddiyyətli mənalar adətin əsasını və onun effektivliyinin vacib elementini təşkil edir.

Psixoanalist Adam Philips “Vədlər, vədlər” adlı kitabında şair John Keatsın sözlərindən təsirlənərək yetkin insan olmaq üçün labüd olan üç “mənfi bacarıq” müəyyən edir: zəhlətökən olmaq, yolunu azmaq və gücsüz qalmaq təcrübələri. Mən bu siyahıya bir bacarıq da əlavə etmək istəyirəm: Ziddiyətlərimizi üzə çıxarmaq və bəzən onları gözardı etsək də, ziddiyətlərimizi qəbul etmək bacarığı.

 

Tərcümə: Əziz Məmmədli

Comments

comments