Əlibala Əhmədov-Bizim üçün başqa gün yoxdur

Həmin qəmli şənbə axşamından sonra bazar günü gəldi və biz əbədi olaraq ona məhkum olduq. Adi idi, duyğularımız sönmüşdü, yerində sanki çürüntü kimi bir şey qalmışdı, yanımdakı gənc dostum kitab oxumaqla məşğul idi, o biri sarışın kişi televizora baxırdı, bazar ertəsini gözləyirdik, çünki hamımızın ona ehtiyacımız vardı, amma həmin gün gəlmədi…

Səhər əvvəlcə gənc oğlan oyandı, naməlum bir səslə – zibilə qalasan, – dedi, – yenə də xarab olub, axı bu gün bazar deyil. Telefona baxdım. – məndə də bazar gününü göstərir, – dedim. Bir – birimizə baxdiq. Çaşmişdiq. Heyrətlənmişdik . Sonra birdən oğlanin üz ifadəsi dəyişdi, elə bil birdən yaz yox oldu, payız gəldi və o dilləndi:

– otaqdan yuxu ətri gəlir, elə bil, – yavaşca mənə baxdi.
– Nə? Yuxu ətri nədir?
– Bilmirsən? Hə.. Yuxu.. Yuxudur, burdan yuxu ətri gəlir…

Çox istədim ki, başqa gün gəlsin. Amma o gəlmədi… Günorta yeməyini yedik və elə bir bir anlıq hər şeyi unutduq.
– Yaxşi, işlərin necədir?,
– Əlimi çiyninə vurub, ondan soruşdum.
– Eh, bu gün də bazardır, – sarışın kişi dedi. Hər ikimiz ona baxıb, köks ötürdük.. Sonra mən telefonumu çıxardım, enerjisi tükənirdi, ekranda isə onu göstərirdi, bazar günüydü, elə həmin bazar günü… Pulumuz tükənirdi, amma iş tapa bilmirdik. Sentyabr ayında yağışlar başladı, darıxırdıq və hər gün birazda ac idik. Mən artıq gənc deyildim, amma məni də aldatmışdılar, hərdən qorxurdum, elə bil, kimsə qəsdən bizi bazar gününə məhkum etmişdi, biz isə susurduq, çarəsizlik alovunda məhv olurduq… Həyətə çıxmışdım, yağışı seyr edirdim. Əllərimə, üzümə, gözümə kiçik damcılar düşürdü, üşüyürdüm, üşüyə – üşüyə sanki qəfil dodaqlarımdan bir neçə kəlimə sürüşüb düşdü, amma mən heç hiss etmədim, azca da hiss etmədim. – ilahi, özün kömək ol, ay Allah, sən özün bizə kömək ol.. Addım səsləri gəldi. Oğlan idi. – bu gün də bazardır,- deyib, qəhqəhə çəkdi. Tərs – tərs baxdım. Oda gülə – gülə cavab verdi. – nədir, nə istəyirsən? Amma iki gün sonra gördüm ki, yazıq öz – özünü aldadır. O telefonunu mənə göstərib, sevinclə qışqırdi:
– Görürsən, yazıb ki, bazar ertəsidir, bu gün bazar ertəsidir.
– Sakit ol.
– Nə, nə demək istəyirsən?
– Sakit ol, dostum, telefonun təqvimi yanlış göstərir. Sonra sakitcə əlavə etdim: – bazar ertəsi deyil, özüdür, bu gün bazar günüdür. Amma o çoxda səs – küy salmadi. Hər yer, hər kəs deyirdi ki, bu gün bazar günüdür, amma heç nə yuxu kimi deyildi, hami sakit idi, hami, bircə bizlərdən başqa.. Güclə yemək tapırdıq, amma nə o payızda nədə qışda başqa gün bizə qismət olmayacaqdı və olmadı… Bazar günüydü, elə həmin bazar günü… Işləmək istəyirdik, bizə başqa gün verilmirdi.. Güzgünün qarşısına keçdim. Sir – sifətimi saqqal basmışdı və hər nə qədər qəribə olsa da, mən kökəlmişdim. – ilahi, ay allah, sən özün, sən özün bizə kömək ol. Hər şey çox çətin idi, qorxurduq və hələlik unutmuşduq ki, bizə imkan vermirlər, biz bacarmırıq, yaşaya bilmirik… Bircə televizorlar da yalan danışırdılar. Bu gün bazar ertəsidir, çərşənbə axşamıdır, çərşənbədir, biz xoşbəxtik və sair.. Amma şübhəsiz, heç şübhəsiz yalan deyirdilər,axı bazar günüydü, elə həmin bazar günü… Bezmişdik. – mən cümə üçün darıxıram, – dindar dostum dedi. – mənsə çərşənbə axşami, işləmək istəyirəm.. Hamımız istəyirdik. Amma bazar günüydü.. Mən öləndə beynimə qan sızdı, bazar günüydü, indi burda mənə deyirlər ki, dostlarımın da vaxtına az qalmayıb… Bazar günü isə başqa – başqa insanları yaxalayacaq. O vaxt ki, bir – bir oyanacaqlar və onlardan biri əsəblə deyəcək: – ah, bu gün bazar günüdür! Lənətlənmiş bazar günü bizim kimi onlardanda heç vaxt əl çəkməyəcək…

Comments

comments