Tural Turan – Dövrün bəlası-Şəxsiyyətə pərəstiş

Salam yoldaşlar, bir mövzudan yazacağam. Bu mövzu bizim, elə hamımızın yaralı yeridir. Deyəsən çox şişirtdim, hamımızın yox, əksəriyyətimizin. Bəlkə də bəzilərimizin… Düşünürəm ki, bu haqda yazmaq və dostların müzakirəsinə çıxarmaq bir çox problemləri həll edə bilər. Ancaq gərək məsələyə ciddi yanaşılsın. Yazacağım mövzu “Şəxsiyyətə pərəstiş”dir. Bu haqda öz fikirlərimi yazacağam və yanlışımız olarsa, sizlərlə müzakirə edib, düzəldərik. Fikirlərimə Hz.Əlinin (ə) kəlamı ilə başlamaq istəyirəm: “Baxma kim deyir, düşün gör nə deyir”.
Bu mövzunu yuxardakı kəlamla başlayıb, elə onunla da bitirmək olar. Qəliz heç bir şey yoxdur, sadəcə biraz da mənasını açmaq olar və buna çalışacağam. Bir misal çəkmək istəyirəm. Deməli, bu yaxınlarda tanınmış və çoxları tərəfindən sevilən bir “Əməkdar İncəsənət Xadimi” televiziyada nalayiq bir kəlmə işlətmişdi. Buna etiraz etdim və onu sevən dost-tanışlar da başladılar sözün əsl mənasında məni daş-qalaq etməyə. Dedikləri təxminən belə idi:
“O adam filan sənətin Allahıdır, düz deyir də!”  Bir insanı bu qədərmi şişirtmək olar?! Sual verirəm: Sevmədiyiniz, hətta zəhləniz gedən biri onun işlətdiyi kəlməni desəydi, yenə razılaşacaqdınız? Aldığım cavab bu oldu: “Əlbəttə!” Əslində mən dəqiq bilirəm ki, dediyim kimi olarsa, yəni sevmədikləri biri elə ifadədən istifadə edərsə, deyəcəklər ki, “Ailə tərbiyəsi görməyən küçə adamıdır”.
Yaxşı, bəs nədir insanları bu qədər kor edən? Bunun bir cavabı var, o da şəxsiyyətə pərəstişdir. Vallah, bu bir bəladır ki,əksəriyyətimizdə var. Bəlkə də hamıda var. Əminəm ki, hamıda bu dərəcədə olmasa da buna bənzər şəkildə var. Bu sevimli şəxs adlı bütü sındırmaq lazımdır. Ona görə lazımdır ki, daxilimizdə haqqı demək və haqqı qəbul etmək bacarığını formalaşdıraq. Sözümü qəribçiliyə salmayın. Demirəm ki, heç kimi sevməyin. Sevin! Sadəcə bunu elə həddə edin ki, onun da bir gün səhv edə biləcəyini qəbul edəsiniz. Bir aforizm var: “İnsan sevdiyinin hər səhvində bir düz, sevmədiyinin hər düzündə bir səhv axtarar”. Əslində çox doğru sözdür. Hərtərəfli razılaşıram bununla. Amma belə bir misalın olmağı o demək deyil ki, hərkəs bu prinsipə uyğundur. Buna uyğunlaşmaq və sakitcə qəbul etmək ədalətsizlikdir. Başınızı və məntiqinizi işlədin, yoldaşlar. Pərəstiş etdiyiniz birinin necəliyindən asılı olmayaraq istənilən fikrinə, hərəkətinə bəraət qazandırırıqsa, bu bizim savadsızlığımızın nəticəsidir. Qəbul etsək də, etməsək də bu belədir.
Savadsılığı aradan qaldırmağın ən başlıca yolu kitablardır. Kitablara qarşı allergiyamız vardır, niyə? Halbuki ən böyük maarifləndirici vasitə kitabdır. İnsana yol göstərən də, göstərdiyi yolda sabit saxlayan da, əvvəlcə iməkləməyi, sonra səldirləyə-səldirləyə yeriməyi və nəhayət sürətlə qaçmağı öyrədən də kitabdır. Niyə qorxuruq?! Nədən qorxuruq?! Bu yaxınlarda “Facebook”da bir status gördüm. Statusun sahibi kitab oxuyanları tənqid edirdi. Məzmunu isə təxminən belə idi:
“İndi də bəzi “cool” gənclər peyda olublar. Deyirlər ki, kitab oxuyun. Kimlərinsə düşüncələrinə möhtac olmayın. Yaxşı, bəs kitabdakılar da kiminsə düşüncələridir. Niyə oxuyaq ki?! Öz beyninizi işlədin”.
Sözügedən status təsir etdi mənə. Belə şeyləri görəndə adətən düşünürəm ki, bu insanlar kimlərinsə məqsədlərinə qulluq edən muzdlulardır. Axı kim deyir ki kitab səni müəllifə qul edəcək? Yox, əksinə kitab sənin özünü müəllif edə bilər. Kitab sənə düşüncə, məntiq verəcək ki, bunun nəticəsində də kimlərinsə fikirlərinə qul olmayacaqsan. Hər kitabdan nəsə öyrənib, özündə sərbəst düşünmə qabiliyyətini formalaşdıra bilərsən… Pərəstiş və təəssübkeşlik cahiliyyətdən doğan şeylərdir. İlk olaraq cahilliyimizlə mübarizə aparmalıyıq. Bu yolda isə kitablar bizə əsas yol yoldaşı olmalıdır. İfrat pərəstiş etməyin ən pis cəhətlərindən biri də budur ki, hər addımını izlədiyin və mənimsədiyin adamın səhvlərini də mənimsəyib özününküləşdirirsən. Filan hacı filan hərəkəti etdi. Demək mən də etsəm, bir şey olmaz. Bəhmənkəs alim biədəb danışandır, mən də danışsam, eybi olmaz və s. İndi elə bir adam varmı səhvsiz olsun?! Səhv etməyən adam tapsanız, pərəstiş edin. Hətta deyin mən də edim. Amma hal-hazırda elə bir insan yoxdur.

Gəl ki, pərəstişə layiq olan insanlara (ə) pərəstiş edə bilsəydik,  çoxdan ideal insan olmuşduq. Vallah bunlar bir bəladır bizimçün. Özümüzü tapmalıyıq, öz düşüncə tərzimizi formalaşdırmalıyıq. Düşüncəmizlə tərəqqiyə çatmağa can atmalıyıq. Bunun üçün də bir mövzuda elmli insanların fikrini öyrənib, ən yaxşısını etməliyik. “Bu adam mənim pərəstiş etdiyim adamdır, o nə etsə, mən də onu edəcəm, fərqi yoxdur səhv və ya düz” – belə olmaz. Necə ki, müqəddəs Qurani-Kərimdə buyurulur: “Xoş o kəslərin halına ki, hər kəsin fikrini öyrənib ən yaxşı qərarı verirlər”.

Comments

comments