Q.Kosikov-Sülli Prüdom yaradıcılığı.

1901-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı “poetik yaradıcılığı, dəyərli idealizmin qeyd edilməsi, bədii mükəməllik və nadir ruhi və intellektual dəyərlərin tərənnümünə görə” fransız şairi Süllü Prüdoma verildi.

Bizim müasirlik nöqteyi-nəzərimizdən bu seçim olduqca mübahisəlidir, lakin Süllinin müasirlərinin baxışında bu, tədqirəlayiq idi: “Sülli Prüdom, şübhəsiz, müasir Fransanın ən yaxşı şairidir”, – 1909-cu ildə nəşr olunmuş bir ədəbiyyat dərgisində bu cür yazılırdı. Məhz Prüdomun laureat olması faktı həmin dövrdə fransız poeziyasında fasilə yaranmasıyla da izah edilir. Nobel mükafatının ilk təqdimatı ərəfəsində XIX əsrin sonunda “poetik inqilab” yaratmış novatorlar (S.Mallerme, P.Verlen, A.Rembo) artıq dünyalarını dəyişmiş, yeni yüzillikdə fransız poeziyasına şöhrət gətirəcək şairlər (P.Valeri, P.Klodel, Q.Appolliner) isə hələ ilk ədəbi addımlarını atırdılar. XIX əsrdən XX əsrə addımlayanlar (J.-M.Erediya, A. de Rene, R. de Qurmon, J.Moreas, F.Vele Qriffen, R.Hil, S.Merril) arasında böyük oxucu kütləsi qazanmış isim “dürüstlük və könüllər şairi” Sülli Prüdom idi. 1901-ci il üçün onu, həqiqətən də, ən üstün saymaq olar.

Sülli Prüdom 16 mart 1839-cu ildə Parijdə anadan olub. Onun əsl adı Rene-Fransua-Arman Prüdomdur, iki yaşında itirdiyi atasının ləqəbi Sülli isə balaca Armana “miras qalaraq” sonradan onun ədəbi təxəllüsünə çevrilir. Lisey internatlarında yetimçiliklə keçən uşaqlıq dövrü onda ağır xatirələr buraxır, gənclikdə isə o, bədbəxt sevgi və dini böhran yaşayır. Bütün bunlar Süllinin dünyagörüşünə təsir edib onun poetik duyğularını oyadır. 1865-ci ildə Sülli Prüdom ilk şeirlər toplusu “Stans və şeirlər” (bu kitab məşhur tənqidçi Ş.Sent-Bevin diqqətini cəlb edir), bir il sonra ikinci “Sınaq” (1866), Fransa-Prussiya müharibəsi ərəfəsində isə üçüncü “Tənhalıq” (1869) kitabını nəşr etdirir.

Müharibə Sülliyə davamlı bədbəxtliklər gətirir: 1870-ci ilin yanvarında bir-birinin ardınca onun bütün doğmaları vəfat edir, Sülli özü isə Milli Qvardiyanın Parij bölməsində qulluğa götürülür və nəticədə son gününə kimi əzab çəkdiyi əsəb xəstəliyini yaradan ağır yara alır. O, nəhayətdə bu yaradan qurtularaq 70-ci illərdə “Əbəs nəzakət” (1875) şeirlər toplusunu, eləcə də “Güllər üsyanı” (1872), “Tale” (1872), “Zenit” (1876) və “Ədalət” (1878) poemalarını çap etdirir. Publika Prüdomu sevirdi, lakin qələm dostları onu yalnız 1881-ci ildə Fransa Akademiyasına üzv qəbul edirlər. Onun bu anlarda poetik nəfəsi sönmək üzərəydi, belə ki, 80-ci illərdə Sülli yalnız bir şeirlər toplusu (“Prizma”, 1886) və bir poema (“Xoşbəxtlik”, 1888) nəşr etdirə bilir. Əvəzində özünü ədəbi- tənqidi və elmi-fəlsəfi işlərə həsr edir (“Poetik vəsiyyətnamə”, 1890; “Ümumi məqsədlər problemi”, 1901; “Paskal həqiqi din haqqında”, 1905). O, Nobel komitəsindən aldığı pulla gənc istedadlara dəstək olmaq üçün Sülli Prüdom mükafatını təsis edir. Prüdom 6 sentyabr 1907-ci ildə elə öz yazı masası arxasında dünyasını dəyişir. Ölümündən sonra, yəni 1909-cu ildə çap olunan şeirlər toplusu “Söküntü” adlanırdı.

Sülli Prüdom şair kimi ömrü-boyu iki vəziyyət arasında qalmışdı: bir yandan şeirlərinin sadəliyi oxucu məmnunluğuna səbəb olur, digər yandan isə dövrünün avanqardlarıyla əlaqədən qaçırdı, bu da bütünlüklə onun ədəbi tənhalığıyla nəticələnirdi. 60-cı illərdə o, “şeytani” Bodlerdən düşmənliklə yan keçir, 70-ci illərdə impressionist musiqi əfsanəsi Verlenə vurulur, 80-ci illərdə isə dekadentik eqosentrizmə olduğu kimi, simvolik mistizmə də vecsizlik nümayiş etdirir. Onun yaradıcılığı bütün bunların kəsişməsində qərar tuturdu, o cümlədən, cazibəlik və itələyicilik arasındakı qəliz münasibətlə əlaqələndirilən daha erkən heyranlığı – romantizm də bura aiddir. Romantizmdə ona ruhun individuallığındakı incə dünyası maraqlı gəlirdi: “mən”in günahkarlıq hissindəki aqressivliyin utanmazlıq sərhədləriylə balanslaşdırılması, “beyin qəzəbləri”nin təsviri, uydurma spontan obrazın canlandırılması – bütün bunlar Süllinin meditativ naturasına yad idi. Bu səbəbdən o, 60-cı illərdə romantizm əleyhdarlarıyla – poeziyanın “üzüntü dəliklərinin birləşdiricidi” yox, Varolma ecazkarlığının uzaq közərtilərinə çatmaq vasitəsi hesab edən Ş.Lekont de Lilin rəhbərliyi altındakı “Parnas” qrupu ilə rahatlıqla yaxınlaşdı. Lekont de Lil deyirdi ki, əsl şeir mərmər heykələ bənzəyir: o, insan həyatının çoxobrazlı, lakin keçici formalarını ölümsüzləşdirir, onu geriyə yolu olmayan fanilik dərinliyinə düşməkdən xilas edir. “Şəxsiyyətsizlik” və “Ehtirassızlıq” kimi parnas ideyalarına gəlincə, bunlar Sülli üçün simpatik deyildi, lakin poeziyanın nəinki emosiyanı inkar etmək, hətta, ona sahib çıxmaq fikri onda heyranlıq doğururdu. Prüdomun lirik refleksinin predmeti onun hər zaman diqqətlə seyr etdiyi öz ruhu, “daxili peyzajı”dır. Bu ruhun adi halı tənhalıq, hökmedici əhval-ruhiyyəsi isə atılmış uşağın və ya tərk edilmiş sevgilinin, sönməkdə olan ümidin və ya ölmüş xatirələrin həyata təsəlli verən xəfif kədərdir. Prüdomun yetim qəhrəmanının mətnaltı peyzajı lüt və soyuqdur. Eynitonlu ulduzlar, bulud və şəfəqlər, ağac və quşlar şeirdən-şeirə yol alırlar. Bu dünyada çoxrəngli boyalar, çoxobrazlı formalar mövcud deyil. O, solğun və birtemplidir. Bütün parnasçılar kimi Sülli də predmetləri təsviretmədə yüksək zövqə sahib idi, sözlərlə rəsm çəkmək xarakterindən uzaq olsa da, nüanslarla oynamaq bacarığından istifadə edirdi.

Prüdomun romantikanın köməyilə öz ruhuna səyahət etməsinə baxmayaraq, romantik üzüntü xəstəliyi ona yaddır. Tənhalıq etibarsız deyil: Sülli bilir ki, bu halda əhatəsiylə qapalı olur, görünməz tellərlə bir-birinə bağlı olan insanlarda qarşılıqlı münasibətlər özünüələvermə və özünüqurbanetmə aktlarına imkan yaradır. O, Allaha şübhə bəsləyərkən, eyni zamanda, bütün dünyanın yaranmasına vəsilə olan Sevgiyə inamını da ön plana çəkir. Qəlb sevincli günəşə və ya üzülən gecə ulduzlarına, “həqiqətin parlaması”na və ya “anlaşılmaz zülmət”in aydınlaşmasına ən böyük səbəbdir. Təbiət Sülli üçün təbii qüvvələrin ədavət məkanı və ya insan coşğunluğunu əks etdirən güzgü yox, insanı sakit şəkildə öz ağuşuna çağıran unudulmuş və sirli ən ulu valideyndir. Əgər həqiqətən kainatda vəhdət varsa, onda o, yalnız fəth edilməsini gözləyir. Dünya ona görə mövcuddur ki, insan Şüurla yaxınlaşıb ona birləşə bilsin. Şüur dünya həyatının universal başlanğıcıdır – müasirləri tərəfindən “düşüncə şairi” adlandırılan Sülli Prüdomun gerçək qəhrəmanı bu cür düşünür. Onun idealı qədim şair-filosoflar Parmenid, Empedokl, Pifaqor və ya rahat forma almağa görə şəkildən şəklə keçə bilən təsəvvürü olanlardır. Sülli Prüdom romantik ekzaltasiya və “parnas məsafəsi”ndən imtina edir. Bu hissiyyatlı rasionallıq, demək olar, bütün obrazlı yanaşmalardan azad olaraq özünüanaliz vasitəsi kimi hədəfə aldığı “mən”ini lirik şeirə çevirməyi bacarır. “İdeyanın gözəlliyi metafora tələb etmir” – Sülli bunu təkrarlamağı sevirdi. Şüur və dünyəvi həqiqətə arxalanaraq özünü təbiətdəki odun parçası kimi yox, onun yüksək yaradılışı kimi dərk edən insanın xoşbəxtlik imkanlarına inandırmış Sülli Pridom melanxoliyanı dəstəkləsə də, ümidsizliyi inkar edir, əvvəlki şeirlərindəki pessimizm isə tədricən stoik optimizmə çevrilir. Xüsusilə, sonuncu poemalarında Süllinin incə səsi daha sülhpərəst səslənir.

Ümid və işıq axtarışında olan S.Prüdom ədəbiyyat tarixinə hisslərin həqiqi və dürüst intellektual həyəcanlarını ehtiva edən şeirlər müəllifi kimi düşüb. Hərçənd, onun poeziyası tam olaraq öz dövrünü yaşaya bilməyib. O, Avropa tarixinin üsyankarlıqdan uzaq, lakin dəyişməyə meylli, insana inamın, proqres və ədalətin rəmzi “gözəl epoxa” adlandırılan dövrünün xatirəsi kimi anılır. Alfred Nobelin özü kimi Sülli Prüdom da bu dövrə aid olaraq onun humanist ruhunu örnək götürüb. Və bu dövr XIX əsrin sonuncu şairini ilk Nobel mükafatçısı edərək ona öz minnətdarlığını bildirmiş oldu.

 

Tərcümə etdi: Səbuhi Şahmursoy

Comments

comments