Müşfiq Həzili-“Özümüzdən ayrı saldığımız insani dəyər.”

İnsan vücudu çox dəqiqliklə, hesablanmış, müəyyən vaxta qədər fəaliyyətdə olan nizamlı bir sistemdir. Əgər bu sistemdə hər hansısa çatışmamazlıq yaranarsa, hansısa orqan öz fəaliyyətində problemlə üzləşərsə o zaman bu məlumat bir başa mərkəzə (insan beyninə) ötürülür və dərhal bu məsələdən insanı xəbərdar edir. Bizlər buna ağrı deyirik. Məsələn, bədənimizdə və ya başımızda hansısa problem yaranarsa, bu “ağrı” siqnalı vasitəsi ilə özünü biruzə verirərək xəbərdarlıq edir. Biz bu halı bədənimizin və ya başımızın ağrıması kimi ifadə edirik.

İnsan ilə heyvanı fərqləndirən cəhətlərdən biridə dərd çəkmə, ağrı hissini duyma halıdır. Düzdü heyvanlarda ağrı,acı hislərini dərk edirlər, lakin birdə var insana xas olan ağrı. Bu sanki ruhun ağrısıdır.
İnsana məxsus dərd, qəm duyğularıda düşüncə kimi sırf insani bir dəyərdir. Bizi digər canlılardan fərqləndirən bir neçə insana məxsus xüsusiyyətlər var ki, əgər onları itirsək, bizim həmin canlılardan bir fərqimiz qalmır. Təəssüflər olsun ki, bu gün bəşər övladı canlı, cansız varlıqlar üçün xüsusi mühafizə obyektləri təsis edərək onları qoruduğu kimi özünə diqqət yetirmir.
(Özünü deyərkən yəni, bütün insanlıq nəzərdə tutulur.)

İnsanlara qarşı rəğbətsizliyimiz heç, dünyada baş verən hadisələr, kütləvi uşaq, qoca, qadın, kişi qətliamları çoxumuzu narahat etmir. Yada heç dünyadan xəbərimiz yoxdur. Birinci vəziyyət lap faciədir. Bunların halı penisilin ilə yarasının üzünü qurudan şəxsə bənzəyir ki, xəbəri yoxdur yarası içəridən çirk edir.
Axı gündüzləri şəxsi rifahı üçün dayanmadan çalışan, bundan başqa heçnə düşünməyən, gecələridə yatağında yatan biri başqalarını nə vaxt düşünsün? Halbu ki, Özünün ictimai varlıq olduğunu unudub.
Çox qəribədir!

Zülm olunan istər müsəlman olsun, istər qeyri müsəlman. Zülm edəndə bu fərqə baxmırsa deməli bütün bəşəriyyətin düşmənidir. Deməli bu faciə bütün bəşəriyyətin dərdidir. Öz dərdimizi, ağrımızı unudmuşuq. Amma yalnız şəxsi problemləri özümüzə dərd bilirik. Yalnız özümüzə acıyırıq. Halbu ki, bu xüsusiyyət digər canlılardada mövcuddur.

Burdan aydın olur ki, İnsanda “dərd çəkmə” duyğusu 2 cür olur. Biri insan ilə heyvan arasında bərabər sayılan hisslərdir ki, insanda, heyvanda aclıq, susuzluq, baş, bədən ağrısını dərd edir, digəri isə dəyərlər sistemində mühüm yer tutan və sırf insana məxsus olan dərd çəkmə duyğusudur ki, bu yalnız insana mənsubdur.
Həqiqətən bu çox ali bir dəyərdir. Eqoizmin fövqündə dayanan bir dəyər. Ağılın qiymətini artıran, eşqə istiqamət verən və onu şölələndirən dəyər.
İcazənizlə qısa bir haşiyəyə çıxmaq istərdim.

Molla Sədra İslamın dahi mütəfəkkir, filosoflarından biri olub. Hələ kiçik yaşlarında istedadı üzə çıxmış Molla Sədranın gələcəkdə böyük alim olması onu tanıyanlara heçdə gizli deyildi. Yazırlar ki, öz dövrünün alimləri bu məsələdən xəbər tutur və onu görmək istəyirlər. Buna görədə onların evinə gəlirlər. Sədranın atası alimləri qarşılayır. Alimlər onun kiçik oğlu ilə görüşmək istədiklərini bildirirlər. Yazırlar ki, həmin vaxtda kiçik Sədra ağacın başında olur. Düşüb gəlir və onlarla görüşür. Alimlər bu vəziyyəti görəndə təəccüb edirlər. Soruşurlar ki, “necə olur bəs, bizdə deyiblər sən balaca alimsən axı, ağaca dırmaşmaq nədir belə ?”
Kiçik Sədra özünə məxsus şəkildə susmadan belə cavab verir:
“Cənab, bu mənim uşaqlığımdan irəli gəlir.”
Həqiqətən yerində deyilən sözdən adam ləzzət alır. Bəziləri kiçik yaşlarında olsada öz uşaqlığını başa düşür. Öz yaş durumundan xəbərdar olur.

Amma bizim bəzilərimiz böyüyüb yetkin yaşa qədəm qoysada, hələdə böyüdüklərini anlamayıblar.
Lap uşaqlar kimi rəftar edirlər.
Kənardan baxırsan ki, bir nəfər təfəkkür edir (nə gözəl). Lakin sonra məlum olur ki, sən demə dərd edirmiş təfəkkür yox.
Hələdə xam xəyallarda gəzərək, gələcək üçün özünə nələrsə yaradır, amma qızıldan qiymətli, içində olduğu zamanın dəyərini anlamır. Anlamır ki, indiki halı gələcək üçün müqəddimədir. Bu xəyallarda heç olmasa başqalarınıda müsbət mənada düşünsə yenə bir şey hesab etmək olar bu zehni. Lakin özünə yaxşı güzaran qurmaqla yenə başqalarını unudur. Hərdəndə onlara necə deyərlər: “torba tikir”. Elə bu torbalardır ki, öz başımıza keçib deyə cəmiyyətin dərdini görə bilmirik.

Ola bilər ki pozitivist, emprik düşüncəyə sahib olan biri, əsasən Qərb adamı bu “insani dərd,qəm”i qəbul etməyə. Onun üçün absurd gələ bilər ki, başqalarının probleminə can yandırmaq, qonşuya, dosta, qohuma fədakar olmaq, kömək etmək nədir? Bu nə yaşamdır belə?
Amma diqqət etsək bu dərd onların özlərindədə mövcuddur, lakin xəbərsizdirlər. Qərblilər və onları təqlid edən bir toplum bu insani dəyəri sevimli ev heyvanlarında məhdudlaşdırırlar. Əsasən Qərbdə ev heyvanları mənəvi şəxsiyyət hesab edilir. Yemək, içmək və geyimləri xüsusi qiymətləndirilir. Əgər xəstələnsə bu onları narahat edir və həkimə müraciət həddinə qədər gətirib çıxardır.

«ABŞ-da hər il itlərin yemək-içməyinə və bəzək əşyalarına 300 milyon dollar pul xərclənir. Nyu -York, San-Fransisko, Çikaqo və Los-Anceles şəhərlərində itlərə bəzək vurmaq üçün minlərlə salonlar vardır. Bu salonlarda böyük növbələr olur. Bir «it bərbəri» ixtisas üzrə təşkil olunmuş kurslarda altı ay təhsil aldıqdan sonra bu cür salonlarda işləmək hüququ verən vəsiqə alır. ABŞ-ın böyük şəhərlərində ən azı üç-dörd it qəbiristanlığı mövcuddur.” (“İslam və Qərb mədəniyyəti” Musəvi Lari)
Heyvana belə diqqət göstərən ali cənab qərbli nədənsə Şərqdə baş verən faciəvi olaylara ən azı kütləvi uşaq qətliamlarına belə reaksiya vermir. Heyvan insandan nə zaman önə keçdi cənab qərbli?

Nə deyək, hələ Qərb ilə işimiz olmasın. Bizim özümüzün bir çox problemlərimiz var (düzələn problemlərdir). Buna görədə üz tutaq öz cəmiyyətimizə. İçimizi dərd-qəm bürüyüb, gizlətməkdə olmur. Daxilimizdə gizlətdiyimiz problemlər xaricdə istər-istəməz öz təsirini göstərir. Bir-birimizə acı dil nümayiş etdiririk. Kef-əhval soruşana yaxudda işlərimiz barədə maraqlanan birinə elə cavab veririk ki, sanki “yaxşı” olduğunu desək amandı birdən nəsə istəyər. Bizə nə oldu axı “öz” düşüncələrə boyandıq?
Bu haqda çox danışmıram, çünki özümüzdən ayrı saldığımız “İnsani dərd,qəm” deyil.

Amma bunu deyim ki, nə qədər problemlərimizə qapansaq, o qədərdə üzücü, mənasız həyat yaşayacayıq (mən bunu test etmişəm). Nə vaxta kimi bu dərd, qəmin daxilimizdə qoyduğu hisslərin diktəsilə ətrafdakılar ilə ünsiyyət quracağıq, o vaxta kimidə onlar bizdən uzaqlaşacaq. Heçkim bizimlə söhbətdən ləzzət almayacaq. Çünkü camaat dərdini bir qədər unutması üçün başın qarışdırır, söhbət edir. Ondada baxır ki, bizim söhbətlərimizdən də dərd,qəm qoxusu gəlir, öz problemlərini xatırlayır və bizdən də qaçır. Anlamırıq ki, bu biçarə bizdən yox, problemdən qaçır. Çünki Bezib. Deyən yoxdur ki, ay camaat bir dayanın, başınızı qaldırın, ətrafada baxın. Onsuzda o problemmi deyim, dərdmi deyim heç yerə gedən deyil, Bizimlədir. (Bələd 4)

İnanmırsınızsa keçmişinizə baxın. Bunlarda elə köhnə problemlərdir, sadəcə yeni obrazda. Buna görədə, zehnimizə istirahət verək. Ətraf-aləmə nəzər salaq. Qohumlara,dostlara üz tutaq,kitab oxuyaq (diqqət). Belə olduqda yeni-yeni sözlər eşidib, çıxış yolları öyrənəcəyik. Özümüzün kiçik dərdimizi başqalarının nəhəng problemləri ilə müqayisə edəndə, birdə baxacayıq ki, ətraf bizi motivasiya edib. Artıq zehmiz yenidən hazırdır problemlər ilə mübarizə aparmağa və onları məğlub etməyə. Bəli məğlub etməyə. İnanmırsınızsa görün Allah nə deyir:

“Allah əsla imkan verdiyindən artıq bir şeyi, heç kəsin üzərinə vəzifə qoymaz. Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar.”( Təlaq 7)

Bəli, Allah buyurur ki, “çoxda canını sıxma. Problemlərinə yaxşı-yaxşı bax. Sandığın qədərdə çətin deyil. Həll edəbilərsən, bacararsan! İnan mənə, söz verirəm ki, sən yorulanda asanlıq yaradacam.”

Əgər “özünə pərəstiş” hissimizi çıxarıb ata bilsək, hamısı düzələcək. Gərək öz problemlərimizə çoxda qapanmadan, insanlarlada maraqlanaq. Onların dərdinə şərik çıxaq. Yavaş-yavaş bu dərdi böyüdək və dünya miqyasınsakı qətliamlar, muharibələr, aclıqlar onların qoyduğu fəsadlarda bizim üçün narahatçılığa çevrilsin.Bu mühüm dəyəri övladlarımızdada inkişaf etdirək.

Çünki gənc nəsilin güşənişin həyat yaşamasının, cəmiyyətdən təcrid olmasının, özünə qəsd etməsinin kökündə dayanan əsas səbəb məhz budur. Uşaq vaxtı hər istədiyini edən, uğurlu həyat sürən biri, gənc çağlarında həyata yeni qədəm qoyarkən elə ilk uğursuzluqla qarşılaşanda onu özünə dərd edir. Bundan sonra onda “natamamlıq kompleksi” baş qaldırır. Məğlubiyyət onun üçün yeni bir hal sayıldığı üçün acı görünür. Buna tab gətirə bilməyən cavan ya cəmiyyətdən ayrılır, birazda zəif olsa özünə qəsd edir. Buna görədə övladlarımızı tərbiyə edərkən onlara həyatı olduğu kimi göstərməliyik. Uğursuzluğun təbii hal olmasını, dünyanın çətinliklər üzərində qurulduğunu, cəmiyyət dərdi çəkməyin, insanlara qarşı fədakar olmağın, necə ləzzətli bir iş olmasını, onlara əyani şəkildə, yaşaya-yaşaya izah etməliyik. Uşaqlar belə tərbiyə olunarsa, gələcəyimiz möhkəm, sarsılmaz sütunlar üzərində qurulmuş olar. Belə səpkidə tərbiyə görən gənc sabah böyük vəzifə tutsa öz xalqına zülm etməz, əksinə özünü fəda edər ki, milləti,dövləti yaşasın!

Özümüzdən olan əksər insanlar bu dəyəri qəbul edə bilmir. Düşünür ki, öz dərdi bir yandan, başqalarının dərdidə bir yandan, ürək tab gətirməz, insan buna dözə bilməz.
Lakin belə deyil. İnsan qəlbi genişləndikcə gözəlləşir.
Bizdəki qəlb digər canlılardakı qəlbdən deyil ki, ancaq öz dərdinə yansın, ancaq öz problemini düşünsün. Dünyanın hamısını versələr yenədə bizim qəlbimizin dəyərinə çatmaz. Yəni bu qədər qədir-qiymətə layiq qəlbimiz ola-ola özümüz onu qiymətdən salmamalıyıq.

Tarixdə bizim üçün nümunə sayılan, bəşər dərdini öz qəlbinə sığdıran, cəmiyyətin problemlərinə görə öz canını, rahatlığını qurban verən şəxslər həmişə olub. Məsələn biri əziz Peyğəmbərimiz.

Amma bu gün İslam peyğəmbərindən uzun-uzadı söz açmayacam. Bir,iki cümlə ilə bunu deyirəm ki, Həzrət Muhəmmədin (s) ruhundakı insanlıq dərdini tanımaq istəyən Qurani-Kərimin ya Tövbə sürəsi 128-ci ayəsi, yada Taha surəsi 1,2 ci ayələri ilə maraqlansın. Bundan əlavə Peyğəmbərimizin hakim postunda insanlara olan məhəbbəti isə başqa bir aləmdir və bu hakimiyyətdə daimi qalmaq istəyən rəhbərlər üçün ilahi konstitsion hüquqi qanunvericiliyi aşılayır.

Əgər bəşəriyyət İslam peyğəmbərinin həyatını düşünərək, insaf ilə araşdırsa o zaman başa düşər ki, Allah nə üçün bizlərə İslam peyğəmbərini nümunə qoyub.

Gəlin bir də Kərbəlaya baxaq:
Kərbəla məktəbi bəşəriyyətə yalnız imam Hüseynə (ə) deyil, bu faciyədəki bütün şəhidlərə və əsirlərə əza saxlamağı öyrədir. Bu məktəbdə millətçilik, irqçilik məsələlərinə önəm verilmir. Bu məktəb insanı kosmopolit fərd kimi yetişdirərək bütün insanlara qarşı rəğbətli olmağa dəvət edir.
Baxın, Həzrət Hüseyn (ə) Mədinə şəhərində bütün imkanlarının olmasına baxmayaraq, belə rifah halında, bəşəriyyətin dərdi onu narahat etdi. Özünün insana məxsus olan dərdinə müsbət cavab verərək tarix yazdı. Bəli, Kərbəla batmış, yox olmuş, batinlərdə gizlənmiş insani dərd, qəmlərin təlatümə gələrək üzə çıxdığı məkandır. Aşura, bəşərə onun öz dərdini tanıtdıran Hüseyni bir mesajdır. Çünkü Hüseyn Kərbəla torpağına özünün insanlıq dərd, qəminə bürünmüş qanını axıtdı.
Nəvəsi elə olanın görün tərbiyəçisi (babası) kimdir.
İmamlar Kərbəla faciəsini düstür kimi qoruyub saxladı. Bu gün bu düsturdaki zaman, məkan, düşmən və dərd, qəm obrazlarını dəyişdirsək neçə-neçə aşuralar meydana gələcək. İndi soruşuram haradadır Kərbəla məktəbinin əlaçı şagirdləri?
Gəlin ki, bu düstüru həyatımıza tətbiq edək və dərdlərimizi, problemlərimizi tanıyaq.

Kərbəla dedim Xocalı,Qarabağ yadıma düşdü. Bunu deməsəm keçmərəm(!)
Görəsən nə qədər əsir düşmüş vətəndaşımız işgəncə altında hələdə bizi gözləyir? Yəqin ümidləri kəsilib artıq. 25 il az deyil axı. Ümidlə yolumuzu gözlədikləri gözlərinidə toz örtüb məncə. 20 ildən çoxdur ki, qəbul edilən qətnamələr kimi.
Bəlkədə özümüzdədə günah var.
Uşaq vaxtı küçədə avtomat-avtomat oynadığımız günlər yadıma gəlir. Həmişə bir söz işlədirdiy:
“Ermənilər gəlir qaçııııııııın.”
Görəsən bu söz hardan gəlib dilimizə düşmüşdü? Nə bilim vallah.
Onu bilirəm ki, artıq böyümüşük, oyuncaqlarımızda böyüyüb. Belə oyunlar oynamırıq. İndi Texnalogiya inkişaf edib, daha-daha maraqlı oyunlarımız var. Müasirlik sayılan amma içində vətən,dövlət,xalq və ən əsasda insani dərd olmayan mütərəqqi zehn formalaşıb. Dırnaq arası mütərəqqi zehn.

Yox belə getməz! Özümüzdə mütləq insani dərd yaratmalıyıq.
Dövlətin,millətin,namusun,cəmiyyətin,bəşəriyyətin dərdini çəkməliyik. Bu dərdlərə şərik çıxmalı və bu dəyəri xəstəlik, sağlıq, şadlıq bir sözlə müxtəlif halımızda qoruyub saxlamalıyıq. İmam Əlidən bir misal deyim sizə. O imam Əli ki, fəhlə olandada, xəlifə olduğu kimi düşünürdü.
O imam Əli ki, birdən dünyada bir nəfər ac yatar – ehtimalına görə quru çörək ilə kifayətlənirdi.
Mən deyərdim imkanı olsaydı bəlkə onuda yeməzdi, amma olmur axı. Gərək bədəndə də qüvvət olsun. Doğurdanda bu “insani dərd” böyük insanların xüsusiyyətlərindəndir. Bizim kimi kiçiklər buna çatmayınca başa düşməz.

Sonda sözümü 12 imamın “özünü tətbiq” metodu ilə bitirirəm ki, dərdimizin dərmanı budur:
“Özünü, özün və başqaları arasında ölçü et. Özün üçün istədiyini başqaları üçün də istə. Özünə qıymadığını başqalarına da qıyma”.
Mövzumuza uyğun olaraq, İmamlar deyir ki, başqalarının dərdi sizi narahat etmirsə, birdə özünüzü onların yerinə qoyun sonra düşünün!

Qeyd:
Bu yazını ona görə dini səpkidə formalaşdırdıq ki, “Dinimizdə bizim milli, mənəvi dəyərimiz və sərvətimizdir”. Amma Özümüzdən uzaq saldığımız, istehza etdiyimiz dəyərimiz və sərvətimiz!
İtirdiyimiz dəyəri (insani ağrı,acını), istehza etdiyimiz dəyər (din) ilə agah etməyə çalışdıq.

 

Comments

comments