Cahid Dadaşoğlu-3 inkar

İnsan mütləq artmalıdır ya da azalmalıdır deyə bir şey yoxdur, təbiət qanunları istənilən şəraitdə növlərin artdığını, inkişaf etdiyini, sonra da ya tamamilə yox olduqlarını, ya da onlardan başqa növlərin yarandığını dəfələrlə sübut edib, hər dövrdə müxtəlif və eyni növlər arasında qida, ərazi (dövlət ərazisi yox, sürü ərazisi) və sair səbəblərdən mübarizə olduğuna görə insanların da eyni səbəblərdən bir-birini öldürməyi müəyyən qədər başadüşüləndi, nəticədə biz də bir növük, bildiyimiz canlılar arasında ən şüurlu olmağımız, hansısa kəşfləri etməyimiz bunu dəyişmir, heyvanlarda olan instiktlər eyni şəkildə insanlarda da var və bu instiktlərə görə davranmaqda heç bir problem yoxdur. Sadəcə olaraq dinlərin və sentimental hüquq qaydalarının, həmçinin gerçəkləri öyrətmək yerinə insanlığı qorumaq, qlobal fəlakətlərin qarşısını almaq və sair tipli çıxışlarla kütlə toplayan idarəçilərin maarif adı altında yeritdikləri heç bir təbiət qaydasına uymayan qaydalara görə bu gün insanlar öz instiktlərindən uzaqdırlar. Vulkan, sel, zəlzələ və bu cür təbiət hadisələrinə fəlakət deyilməyi ən böyük oyunbazlıqdı, bunlar təbiətdə təbii şəkildə baş verən bir şeydir, neçə insanın ölməyinin, hansı yaşayış məntəqəsinin dağılmağının təbiət üçün heç bir fərqi yoxdur. Bu dediklərim amma müharibələrə və terrorizmə haqq qazandırmır, çünki bunlar təbii mübarizə vasitələri deyil, təbii seçməyə süni müdaxilədi və əvvəl-axır insanların tez-tez hallandırdıqları fəlakətlə nəticələnəcək.

Sonra gələk sevgi məsələsinə, daha doğrusu təbiətdə olan ailə və artım anlayışının insanlar tərəfindən sentimentallaşdırılmış formasına. İnsanların sevmək haqqı var, amma sevilmək haqqı deyə bir şey yoxdur, sevilər ya sevilməz, bu ayrı. Həmçinin birini sevən bir insanın müəyyən müddətdən sonra onu sevməməyi də normaldı, onda da gedib deyər bunu həmin şəxsə, normal şəkildə ayrılarlar, bunun niyəsi olmur, çünki insan hissləri də böyük çoxluqla beyin tərəfindən idarə olunur, insan bir yerə baxanda bunun niyəsini bilmədiyi kimi bu məsələnin də niyəsini bilə bilməz, gəl ki amma seriallar (əsas da türk serialları) bu qədər vaxtda yağış kimi təbiət hadisəsinə “bu yağış deyil, ayrılığımıza ağlayan buludlardı” deyəcək insanlar yaratdı, damn.

Sonra normal yuxu məsələsi, açığı bunun da yeyinti sənayesi şirkətlərinin maliyyələşdirməsiylə uydurma yazılar yazan həkimlərin ədəbazlığı olduğunu düşünürəm, bildiyimə görə insan yatanda mədə şirəsi ifraz olunur və buna görə oyananda ac olur, yəni nə qədər çox yatsa o qədər çox acıyacaq, ona görə də hər gün neçəsə saat yatmağa qarşıyam, insanın kefi nə qədər istəsə o qədər yatmalıdı.

Comments

comments