Aida İsmayılova-Acıyı kəşf edən uşağın hekayəsi

Oxuduğum hər kitab həmişə təsirli olmur. Amma bəzən elə əsərlər olur ki, həm düşünürsən, həm də günlərlə beynində fırlanır, həyatda gördüyün hadisələrlə müqayisə edirsən. Çox vaxt sentimentallıq yaxşı qarşılanmır, sanki duyğuları kənara qoyub yaşamalıyıq. Necə olsa da biz ilk öncə insanıq. Brazilyalı yazar Xose Mauro De Vasconcelosun “Şəkər portağalı” kitabını oxuyandan sonra düşünməmək mümkün deyil. 5 yaşlı bir uşağın düşüncələrini oxumaq maraqlı olduğu qədər də insanı ətrafına baxmağa, uşaqlığına qayıtmağa vadar edir. Yazar əslində, kitabda öz uşaqlığını qələmə alıb. Yeni il ərəfəsindəyik, kitabda da balaca Zeze Noel babadan hədiyyə gözləyirdi. Amma ümidləri puç olur, çünki atası işləmirdi, anası çox ağır işdə işləyirdi və aldığı məvacib ailəni dolandırmağa ancaq yetirdi. Milad axşamı süfrələrində qurumuş çörəyi şəraba batırıb yedilər, bundan başqa heç nə yox idi. 5 yaşlı Zeze ətrafında olanları elə gözəl anlayırdı ki, bəlkə də bəzi böyüklər o qədər dərin düşünməzlər. Evdə aparmağa heç nə olmadığı üçün naharda müəlliməsinin verdiyi pulla aldığı piroqu digər çox kasıb bir qızcığazla bölən Zeze olduqca imkanlı olub yoxsul insanları unudan böyüklərdən çox böyükdür, lap çox böyük. Böyüklük yaşla, imkanla olmur, gərək ürəyin “böyük” olsun. Ailədə olan maddi çətinliklər bir yandan, dəcəl olduğu üçün daim döyülməsi də Zezedə onu ailədə heç kimin sevmədiyi fikrini yaradırdı. Atasının bir dəfə onu kəmərlə döyməsi ona o qədər ağır təsir etmişdi ki, “onu öldürəcəyəm, öldürmək tək tapançadan atmaqla olmur ki, onu daha sevməyərək öldürəcəyəm” deyir. Bəli, nə yazık ki, etdiyimiz səhv hərəkətlərin nəticəsi olaraq neçə insan bizi “öldürür”, öz ürəyində, daha sevməyərək “öldürür.” Günlərin bir günü ondan çox böyük olan “Portuga” dediyi dostu ilə tanış olur və ondan hədsiz sevgi görən Zeze daim onunla görüşməyə can atır. Onu öz atasından çox istəyir və hətta onu ailəsindən almağı təklif edir. Belə də olur, doğmalarda tapa bilmədiyimiz və ya onların bizə vermədiyi sevgini kənarda görürük və yad insan doğmalardan belə doğma olur. Doğmalıq təkcə qan bağı ilə olmur. Uzun müddət beləcə gözəl günlər yaşayır, lakin bir gün qəzada dostunu itirir və onda Zeze “acıyı indi anladım “deyir. Qısa müddət ərzində tanıdığın insanın ölümündən sarsılır, çünki dostu ona sevgi vermişdi. Zeze daha bir dostu var idi, bu isə onunl daim “söhbət edən” kiçik portağal fidanı idi. İçində olnaları ona danışırdı, ağacın da bir canlı olduğunu, böyüklərdən yaxşı dərk edirdi. Dünyamız eqosuna yenik düşən, robotlaşan insanları yığınına çevrilməyə doğru istiqamət alıb.  Ətrafımıza baxsaq nə qədər belə hallar var, uşaqları qeyri-ciddi qarşılayırıq, etinasız oluruq. Sonra gələcəkdə hansısa problem olanda “niyə belə oldu “deyə çox düşünürük.  İçimizdə sevgi əksikliyi olaraq böyüdükcə, biz də yarımçıq kimi oluruq, içimizdə o boşluğu hiss edirik. Uşaqları, insanları, dünyanı kainatı sevək, onda hər şey gözəl olacaq.  Məqsəd nə kədər, nə bədbinlik deyil, sadəcə içimizdə sevgini öldürməyək, o zaman biz də insan olaraq “ölürük.”

Comments

comments