Ziya Balıyev-Əxlaqın özü və kökü (30+1 kitabından)

Əxlaqdan hər zaman danışarıq, amma onun nə olduğu və necə formalaşdığı barədə tam təsəvvürə sahib olmuruq çox zaman. Əvvəlcə əxlaqın nə olduğuna baxaq:
“Əxlaq zorla edilməyən yaxşı və pislərdir”. Yəni bir növ insanın öz azad iradəsiylə etdiyi hərəkətlər toplusu əxlaqdır. Hüququn, dinin tələb etdiyi şeyləri əxlaqa aid etmək hazırki vəziyyətdə bir qədər xətalıdır. Çünki biz bir insan öldürmürüksə, bunu hüquq bizə qadağa edir. Və yaxud inanclı bir insan zina etmirsə, bunu ona din qadağa edir. Əxlaq isə din və hüququn olduğu təqdirdə, azad iradəyə əsaslanmalıdır. Bir bölgü yaratsaq bu 3 şeyin əsası belə olar.
1. Hüquq-Əsası dövlət
2. Din-Əsası tanrı
3. Əxlaq-Əsası insan
Bəs əxlaq hər zaman din və hüquqdan ayrı olmuşmudur? Yox. Çünki bir zaman din və hüququn olmamdığı təqdirdə əxlaq formalaşmışdı və elə din və hüququn formalaşmasında da başlıca səbəb əxlaqdır.
Bəs əxlaq necə ortaya çıxdı? Necə oldu ki, biz bir birimizə kömək etdik? Necə oldu ki, biz bir birimizi öldürməkdə əlçəkdik? Necə oldu ki, oğurluğu pis qəbul etdik? Necə oldu ki, tapdığımızı bölüşdük? Əxlaqın kökünü axtararkən uzun bir yola çıxmaq lazımdır. Əxlaqın kökünü açıqlayan bir sıra sahələr var:
1. Dİni açıqlama
2. Bioloji açıqlama
a) İrsi
b) Psixoloji
3. Fəlsəfi açıqlama.
4) Empatiya yoluyla açıqlama

Əvvəlcə dini açıqlamadana başlayaq.
1. Əxlaqın dini açıqlaması çox sadə bir yolladır: Tanrı hər kəsin içinə bir əxlaq yerləşdirdi. Yəni Biz doğuşdan əxlaqla birlikdə doğuluruq. Necəki gözlərimiz rəngləri, qulaqlarımız səsləri doğuşdan gəlmə bacarıqla seçə bilirsə, eləcə əxlaqımız da pis və yaxşını doğuşdan ayıra bilir.
2. Bioloji açıqlama özlüyündə iki yerə bölünür: İrsi (Genetik) və Psixoloji.
a) Heyvan atalarımızdan gələn bu irsi əxlaq özü də 2 yerə bölünür.
a.1) Bütün genlər eqositdir. Yəni bütün genlər özündən olan genləri bacardığı qədər uzun müddət yaşatmağa çalışır. Bu bir növ özünü qoruma instiktidir. Məsələn, bir quş öz balalarını əziyyətlə yemləyirsə, bunun səbəbi eqoist gendir. Bir pişik uzun zaman balasına süd verirsə, bunun səbəbi eqoist gendir. Yəni öz genini bacardığı qədər irəli ötürmək. İnsanların da bir birinə yardım etməsi, irsi bir instiktdir və bunun səbəbi insan geninin ömrünün uzun olmasına çalışmaqdır. Bu insanın özündən olmadan baş verən şeydir. Və ən əsası gen yaxınlaşdıqca, qoruma hissi də daha çoxalır. Belə bir şey düşünək. Bir nəfər avtomobil idarə edir. Yolun sağ tərəfinə 5 nəfəri bağlayıb qoyublar, sol tərəfinə isə bir nəfəri. Avtomobili idarə edən insan bunların arasında seçim etməlidir, çünki maşının əyləci işləmir. Böyük ehtimal sürücü beş nəfəri sağ saxlayacaq və maşını bir nəfərin üstünə sürəcək. Burda görünən odur ki, insan irqinin daha çox həyatda qalmasına yönəliyik. Amma əgər bu bir nəfər onun çox yaxınıdırsa, maşını beş nəfərin üstünə sürəcək, çünki gen yaxınlaşdıqca, qoruma instikti artır.
a.2) Qarşılıq prinsipi. Bütün canlılarda bucür qarşılıq prinsipi işləməkdədir. Sən mənimçün yaxşılıq et, mən də səninçün. Məsələn, Bal porsuğu deyilən bir heyvan var və o heyvana arı pətəklərinin yerini göstərən Yol göstərici quş. Həmin quş arı pətəklərini dağıda bilmir, porsuq isə o pətəkləri tapa bilmir. Bu quş qeyri adi uçuşla pətəyin yerini təyin edir və porsuq pətəyi dağıdır. İlk baxışdan quşun etdiyi hərəkəy əxlaqi görünə bilər, amma burda sadəcə öz mənfəəti var; dağılmış pətəkdəki balı yemək.
b) Psixoloji səbəblər də iki yerə ayrılır. Ziqnmund Freydin diliylə desək: Hərəkətlərimizin iki motivi var: Cinsi istək və Önəmli olmaq istəyi. Psixoloji əxlaq açıqlaması da bu iki şeyin üzərində durur. Canlılar bəzi əxlaqi hərəkətlər göstərərk özlərini önəmli göstərirlər. Məsələn, kən yerində yaşayan insanlar bilər, Xoruz yerdə bir qida tapdığı zaman qəribə səslər çıxararaq fərələri ora cəlb edir və qidanı bölüşür. Bunun səbəbi nədir? Xoruz deyir:”Görün mən nə qədər önəmli biriyəm. Əziyyət çəkib qida tapıram və sizinlə bölüşürəm.” Beləliklə Xoruz həm fərələrin gözündə yüksəlir, həm də onlarla cinsi təması asanlaşır. Bu insanlar üçün də keçərlidir. İnsanlar çox zaman başqalarına yaxşılıq edərək, onların gözündə yüksəlməyə və onlardan cinsi həzz almağa çalışır. Bu da əxlaqı formalaşdırır.
3) Fəlsəfi açıqlamada əxlaqla bağlı daha ağla batan tərif Bertran Rassel tərəfindən verilmişdir. Rassel deyir:”Əxlaq mənfəətdə uzaqgörənlikdir”. Yəni mən sənin inəyini ona görə oğurlamıram ki, sən də mənim inəyimi oğurlayarsan. Və yaxud mən ona görə insan öldürmürəm ki, sabah da başqası gəlib məni öldürə bilər. Bu bir növ Tomas Habs, Con Lokk və Jan Jak Russonun dəstəklədiyi müqavilə nəzəriyyəsinə uyğundur. Bu filosofların fikrinə görə, nə dövlət nə din olmadığı zamanda insanlar bir birinə çox ziyan vururdu. Zİyan vurma normal bir hal olduğu üçün, bundan hamı zərər çəkirdi. Ona görə onlar bir araya gəlib (əsrlərlə çəkən proses sonrası) bunları qadağa etmək qərarına gəldilər. Beləliklə hüquq yarandı. Burda hüquq tam qanun halına salınmazdan əvvəl, hissə hissə əxlaqi dəyər olaraq qalırdı və uzun prosesdən sonra hüquq olaraq sistemləşdirildi.
4. Empatiya yoluyla açıqlamanı da bir növ psixoloji açıqlamaya aid etmək olar. Empatiya-İnsanın başqalarına olan şeyləri özündə hiss etmə bacarığıdır. Məsələn bir insanın qolu sınıbsa, onu özündə təsəvvür edib nələr çəkdiyini anlamaq. Məhz əxlaqı yaradan səbəblərdən biri də budur. Məsələn mən bir heyvanın öldürülməsinə dözə bilmirəm və onu xilas edirəm. Burda empatiya işə düşür. Mən düşünürəm, bunu mənə etsələr necə olaram? Və yaxud birinindən oğurluğu ona görə etmirəm ki, özümü onun yerinə qoyub, nə hiss edəcəyini düşünürəm. Məhz özümə pis gələn şeyləri başqasına etməyərək bir əxlaq formalaşdırıram.

Comments

comments