Bertran Rassel-Məqsədəuyğunluqla bağlı arqument

Tanrının varlığını doğrultmağa çalışanların arqumentlərindən biri də məqsədəuyğunluqla bağlıdır. Məncə, sizin hamınız bu arqumentin nə demək olduğunu bilirsiniz: dünya bizim onda yaşaya bilməyimizçün yaradılmışdır, dünya azacıqda olsa başqa sayaq qurulsaydı, biz onda yaşaya bilməzdik. Məqsədəuyğunluq arqumentinin özəti budur. Hərdənbir bu arqumentə arxalanıb çoxgülünc sözlər belə işlətməkdən çəkinmirlər; örnək üçün, sn demə ev dovşanlarını üçün onların quyruqları bədənlərindən ayrı, ağ boyalı yaradılmışdır. Bilmirəm, bu arqumenti ev dovşanları özləri necə dəyərləndirirlər. Məqsədəuyğunluq arqumenti,oerişli durumlar yaradır. Bu baxımdan Volterin acı gülüşlə dediyi: “burun, eynəyi üstündə saxlamaq üçün yaradılmışdır””arqumenti” elə bilirəm sizə bəllidir. Düzdür, XVII yüzillikdə gülməli görünən bu sayaq deyimlərin bir çoxunun sonradan yerində olmadığı da üzə çıxdı. Darvinin nəzəriyyəsi ortaya çıxandan sonra, canlı varlıqların tədricən ətraf mühitə uyğunlaşdıqları bəlli oldu. İş burasındadır, təbiətdəki canlıların yaşadığı mühit heçdə onların yaşaya bilməsinə uyğun olaraq yaradılmamışdır; tərsinə, canlıların özləri uzun sürədə dəyişərək ətraf mühitə uyğunlaşmağa çalışmışlar, onların yaşaya bilməsi üçün başlıca arac olmuşdur. Buradan göründüyü kimi, hansısa məqsədəuyğunluğun olmasını ortaya atmağın heçbir anlamı yoxdur.
Məqsədəuyğunluq arqumenti üzərində düşünüb daşınarkən, insanların belə bayağı şeylərə necə inandığına təəccüblənməyə bilmirsən. Bu arqumentə arxalananların deməsinə görə, bizim yaşadığımız dünya onda olan bütün nəsnələrlə, o cümlədən bütün əskiklikləri, çatışmazlıqları ilə birgə, ən yaxşı yaradılış sayılmalıdır, onu milyon illər ərzində yaradıb bu vəziyyətə gətirən isə, ən yenilməz gücü, ən böyük uzaqgörənliyi olan bir yaradıcıdır. Mən özümü bu sözlərin doğruluğuna heç cür inandıra bilmirəm. Doğrdanmı, sizin düşüncənizcə, birdən sizlərdən birinə ən yenilməz bir güc, ən böyük uzaqgörənlik verib, üstəlik milyon illər vaxt da verilsəydi, onda sizin ağlınıza: bu ku-kluks-klandan, faşistlərdən, yaxud da mister Çörçilldən daha yaxşı nəsnələr gəlməzdi? İnsanların bu sayaq deyimləri mənə çox anlaşılmaz görünür: “Bir dönüb mənə baxın: mənim belə yüksəkdə dayanan, yetkin bir varlıq olaraq yaradılmağımdan, Kainatda məqsəduyğunluğun olması açıq aydın görünür”. Düzünü desəm, bu adamların özlərində tapdıqları yüksək dəyərlər, yetkinliklər məndə onlara qarşı hansısa bir vurğunluq yaratmır. Bax elə buna görə də, mən məqsədəuyğunluq deyilən bu arqumenti olduqca düşük bir yanaşma saymaqdayam. Bundan başqa da, siz ən siz ən sadə elmi qanunların doğruluğuna inanırsınızsa, onda nəvaxtsa bizim yer planetində həyatın bitəcəyinə də inanmalısınız: yer üzündəki yaşam-sonsuzluq ölçüləri ilə yanaşanda bir anlığına alışıb sönən qığılcımdan başqa bir şey sayıla bilməz; ilkin çağında çox qızmar olan Yerin soyumasının gedişində bir temperatur rejimi yaranmış, bu isə protoplazmanın yaranıb yaşaması üçün yararlı olan bir durum yaratmışdır, bununla da, Günəş sisteminin bu palnetində yaşam ortaya çıxa bilmişdir. Ayın indiki durumu Yerin gələcəkdə düşəcəyi duruma oxşayır-ölümlü, soyuq, yaşamsız bir mühit.
Mənə bu sayaq baxışların çox sarsıdıcı olduğunu deyirlər, bunun ardınca isə deyirlər: birdən insanlar bu baxışın doğruluğuna inansaydılar, yaşam onlar üçün çox dözülməz olardı. Yaxşı, gəlin bu deyilənlərə inanmayın; bunu büs bütün bir anlamsızlıq sayın. Ancaq deyin görək, milyon illər bundan sonra baş verəcək hansısa bir olay indiki insanları niyə narahat etməlidir axı? Yox birdən, kimlərəsə doğrudan da elə gəlirsə, onlar uzaq gələcəkdə baş verə biləcək olaylardan narahat olurlar, onlar ancaq özlərini aldadırlar. İnsanlar ən çox gündəlik yaşamlarında, yaxın gələcəkdə baş verə biləcək hadisələrdən narahatdırlar, onlar mədələrinin yaxşı həzm etməməsindən sarsılırlar; ancaq düzünə qalsa, kimsə milyonlarla il sonra bizim dünyamızın başına gələcək hansısa fəlakətə görə özünü darıxdırmır. Düzdür, mən də yer üzünündə yaşamın nəvaxtsa yox olacağı ilə bağlı baxışları çox qorxunc sayıram, ancaq belə baxışların insanların həyatını dözülməz etdiyi ilə razı deyiləm. Bu kimi baxışlar, sizin düşüncələrinizi qarşılaşdığınız gerçək hadisələrdən yayındıraraq, bu gün üçün heç bir anlam daşımayan başqa nəsnələrə yönəltməkdən ayrı heç nəyə yaramır.

Comments

comments