“Adəmin yaradılışı” əsərinin sirrləri

Çox məşhur rəsm əsərlərindən biri olan “Adəmin yaradılışı”-nın  (ital.  “La creazione di Adamo” orijinal ölçü 570-280sm, 1511-1512-ci illər ) müəllifi məşhur  İtalyan heykəltəraşı, rəssamı, memarı və  Renesans dövrünün ən görkəmli nümayəndələrindən biri (1475–1564) Mikelancelo Buonarrotidir.

Mikelancelo Buonarroti 6 mart 1475-ci ildə müflisləşmiş zadəgan Lyudovik Buonarrotinin ailəsində anadan olmuşdur.  O,  boyakar C. Girlandayo (1488-1489) və heykəltəraş Bertoldo di Covannidən (1489-1490) dərs almışdır. Yaradıcılığının inkişafına Cotto, Donatello,Mazaççonun, eləcə də antik heykəltəraşlığın böyük təsiri olmuşdur. Mikelancelo yaradıcılığının başlıca cəhətləri – obrazların monumentallığı, plastik gücü və dramatizmi, insanpərvərlik hissləri bütün təfərrüatı ilə özünü büruzə verir.

Mikelancelonun ən möhtəşəm və əzəmətli rəngkarlıq əsəri Vatikandakı Sikstin kapellası tavanının (plafon) freskalarıdır (1508-1512). Burada İncildəki hadisələr xronoloji olaraq təsvir edilmişdir. Tavanın mərkəzində doqquz düzbucaqlı lövhədə təsvir olunan kompozisiyalar (“İşığın zülmətdən ayrılması”, “Günəşin, ayın və bitkilərin yaradılması”, “Torpağın sudan ayrılması”, “Adəmin yaradılması”, “Həvvanın yaradılması”, “Günahkarlıq və cənnətdan qovulma”, “Nuhun qurbanı”, “Dünya daşqını” və s.) yerləşdirilmişdir.

Bu rəsmlər arasında olduqca diqqət çəkən “Adəmin yaradılışı” əsəridir. Onun haqqında tarix boyu çox maraqlı müzakirələr olunmuş, bir çox mülahizələr irəli sürülmüşdür.

İncilə görə, Tanrı Adəmi öz surətindən yaratmışdır. Onun qüvvətli, əzələli bədəninə can üfürmüş və daha sonra Həvvanı da yer üzünə göndərmişdir. Tanrının bir parçası olan Adəm qadın bətnindən doğulmayan ilk və tək insandır. Mikelancelo, bu rəsmində, bunu, bizə Adəmi palçıqdan bir təpənin üzərində təsvir edərək göstərir. Rəsmi xəyalən çarpaz olaraq iki yerə bölsək, sol aşağı küncdə Yer üzündəki cənnət bağındakı Adəmi, sağ yuxarı küncdə isə Tanrını və mələklərini görərik. Burada Adəm sanki hərəkətsiz, yorğun, Tanrı isə hərəkətli və şəfqətli təsvir olunmuşdur. Rəsmdəki Tanrı, 16-cı əsrə qədər insanlara təqdim olunan ilk Tanrı görüntüsü kimi də tarixdə yer almışdır.

Rəsmin orta hissəsində təsvir olunan Tanrı ilə Adəmin bir-birinə əllərini uzatması isə təsadüfi olmayıb, insanların diqqətini asanlıqla özünə çəkməyi bacarır. Bu, bir əl-ələ veriş, salamlaşma deyil. Boşluqdur. “Adəmin yaradılışı”, yaradılış əfsanəsindəki böyük ayrılmanı və bir-birinə barmaq ucu qədər yaxın, amma bir o qədər də ayrı düşmüş Tanrı ve Adəmin hekayəsini təsvir edir.

Bəziləri isə, rəsmi Renesans dövründən sonra insanın Tanrı ilə yadlaşmasının təsviri kimi analiz edir.

O dövr üçün Vatikan kimi bir yerdə Tanrının üzünü təsvir etmək xüsusi cəsarət sayıla bilərdi. Bu baxımdan, Mikelancelo həm sənətilə, həm də cəsarətilə təqdirəlayiq bir insandır.

Bəzi sənət tarixçilərinin  fikirlərinə görə, rəsmdə təsvir olunan kişi siması rəssamın öz simasıdır.

İncilə görə, Tanrı Adəmi öz surətində yaratmışdır, usta rəssam isə bu əsərində, tam əksinə, Tanrını Adəmin surətində “yaratdı”.

Əsər haqqında maraqlı məlumatlar bununla bitmir, rəssamın istedadına heyran qalacağımız daha bir nöqtə də rəsmin Tanrı təsvir olunan hissəsində gizlənmişdir. Renesans dövrünün bir çox sənətçiləri kimi Mikelancelo da bir çox digər elmlərlə, xüsusən, insan anatomiyası ilə dərindən maraqlanmışdır. Tanrı ilə mələklərin təsvir olunduğu tünd qırmızı (bordo) hissəyə diqqət edin. İnsan beyninə necə də bənzəyir, elə deyilmi?

Bu rəsmlərə baxarkən, insanın ağlına belə bir fikir gəlir: Hər şey insanın öz beynindədir, Tanrı da beynimizin məhsuludur.

Hazırladı: Pərvanə Əliyeva

Volo.az

Comments

comments