“Rosetta” filmi Cannes Film Festivalında mükafat qazanır. Film Belçikada minimum gəlir əldə edən uşaq işçilərin vəziyyətini yaxşılaşdıran qanunun qəbuluna səbəb də olur.

Həyatının ən gözəl çağlarını yaşayan 17 yaşlı Rosetta sərxoş anası ilə birlikdə Belçikanın kənar məhəllələrindən birində səfalət və yoxsulluq içərisində yaşayır. Başqalarının artıq geyimlərini geyinən, doğru-düzgün qidalanmayan bu gənc qızın həyatda ona heç bir faydası olmayan anasından başqa heç kimi yoxdur. Cəmiyyətə, insanlara qarşı küskün olan, hətta onlara nifrət bəsləyən bu qızın çalışmaqdan başqa yolu yoxdur. 17 yaşında həyatın gerçəkləri ilə amansızcasına tanış olan Rosettanın tək istəyi bir işə girib çalışmaqdır. Lakin bu belə onun üçün əlçatmaz bir arzuya dönür. Çünki nə qədər çabalasa da iş tapa bilmir, tapdığı işlərdə də bir müddət işlədikdən sonra qovulur.142680121522

Film boyunca aqressiv bir obraz olaraq qarşımıza çıxan Rosetta böyük çətinliklərlə tapdığı işdən qovularkən bütün gücü ilə mübarizə aparır, etiraz edir, iş yerindəki hər kəsi ayağa qaldırır. Əlbəttə onun bu aqressivliyi əsassız deyil, Rosetta bilir ki, onun kimi alt təbəqədən olan insanların iş tapması çox çətin məsələdir.

Bütün dünyanın “rifah topluluğu” olaraq tanıdığı Avropanın göbəyində yaşamasına baxmayaraq yaşadığı yerin elə olmadığının canlı sübutudur Rosetta. Bütün bu yoxslluğa baxmayaraq qürurlu Rosetta anasının başqalarından aldığı tullantı geyimlərə görə onunla mübahisə edir. Pul qarşılığında kişilərlə birlikdə olan anası ilə dalaşır. Hətta evinə gələn bir kişi ilə də əlbəyaxa savaşa çıxan gənc qız içində olduğu bütün bu vəziyyətlərdən iyrənir.

Bütün bunlar azmış kimi gənc qız ara sıra mədə ağrılarına da yaxalanır. Həkimə gedə bilmədiyi üçün öz yöntəmləri ilə ağrısını sakitləşdirməyə çalışan Rosettanın üz quruluşu uşaqları andırsa da mimikaları və baxışları yaşlı adamları xatırladır. Rosetta yaşına uyğun olmayan problemlərlə o qədər məşğuldur ki, ondan xoşu gələn həmyaşıdı bir oğlana qarşı sadəcə qısqanclıq və aqressiya göstərir. Bu oğlan Rosettanı iş yerinə aparır, onu əlavə gəlir əldə etmək üçün baş vurduğu saxtakarlıqlarla tanış edir. Rosetta isə ona bütün səmimiyyəti ilə yaxınlaşan bu gəncin iş sahibi olmasını qısqanclıqla izləyir, daha sonra isə oğlanın müdirünə gedərək oğlanın ona verdiyi sirləri ifşa edir. Bütün bunları etməkdə isə onun bircə məqsədi var: oğlanın yerinə özü keçsin.

Bütün cəhdlərinə baxmayaraq iş sahibi ola bilməyən, ağrıları gündən-günə şiddətlənən və ümidini itirən Rosetta intihar etməyi qərara alır. Lakin qəhrəmanımız üçün bu yol belə mümkün olmur. Çox az dialoqların keçdiyi filmin baş rollarında Emile Deguenne, Fabrizio Rongione, Anne Yernaux rol almışdır. Filmin əsas mövusu işsizlik, yoxsulluq və çarəsizlikdir.

Avropanın görünməyən tərəflərini bütün reallıqları ilə izləyicisinə təqdim edən Dardenne qardaşları “Rosetta” filminə görə Cannes Film Festivalında mükafat qazanırlar. Bundan başqa film Belçikada minimum gəlir əldə edən uşaq işçilərin vəziyyətini yaxşılaşdıran qanunun qəbuluna səbəb olmuşdur.

hazırladı: Ayşən Rizvan

volo.az

Comments

comments