Mark Tven

“Əgər insanlara həqiqəti söyləmək istəyirsizsə, onları güldürün, yoxsa sizi öldürərlər.” ( Oskar Uayld)

Təxəllüsü Mark Tven olan Samuel Lanqhorn Klemens  1835-ci il Noyabrın 30-u  ABŞ-ın Missuri ştatının Florida adlı kiçik şəhərində  anadan olur, uşaqlığını isə Hanibal qəsəbəsində keçirir. Sonralar yazdığı “ Haklberi Fin Macəraları “ və “Tom Soyerin Macəraları “əsərlərinin baş verdiyi yer kimi də buranı təsvir edir.

Atası Con Klemens hüquqşünas, daha sonra hakim işləmişdir. O, çox  qaraqabaq insan idi. Anası Ceyn Klemens isə əksinə, zarafatcıl, gülərüz, yumşaq qəlbli, uşaqlarına uzun qış gecələrində nağıl danışmağı sevən evdar qadın idi.

Klemenslər ailəsinin yaşadığı Hanibal qəsəbəsi  Misisipi çayının üzərində yerləşir. Buxar gəmiləri  fit verərək  gündə üç dəfə çayın sahilinə yan alırdı, sirklər, qaradərili aktyorların musiqili səhnəcikləri göstərilir, maraqlı kitabların sərgisi baş tutur, tacirlər, dəmirçilər, dəri aşılayanlar hər kəsin görməsi üçün öz əl işlərini nümayiş etdirirdilər. Bununla belə, qəsəbədə zorakılıq da ümumi hal almışdı,kiçik yaşlı Sem (Samuel) bəzən ölüm hadisəsinə şahid olurdu. Doqquz  yaşı olanda bir yerli kişinin mal-qara fermasının  sahibini öldürdüyünü , 10 yaşında isə ağdərili nəzarətçinin qaradərili qulu  dəmir parçası ilə vurub qətlə yetirdiyinə şahid olmuşdu. Bu hadisələr azyaşlı uşağın yaddaşında öz izini buraxmaqda idi.

Semin  atası 1847-ci ildə sətəlcəmdən ölür.  Böyük qardaşı Orion “Hanibal jurnalı” adlı qəzet buraxmağa başlayır, Sem  də qəzetdə tipoqraf kimi çalışır. Qardaşı Orion Nyu-Yorka və Sent-Luisə səyahətə gedərkən, Sem fürsətdən istifadə edib müəllifi özü olan və  mübahisələr doğuran yazılarını qəzetdə çap edir.

On səkkiz yaşında ABŞ-ın müxtəlif yerlərinə səyahətlər etməyə başlayır, müxtəlif mətbəələrdə naşir kimi çalışır və kitabxanalarda qiraətlə məşğul olur. Dörd ildən sonra Misuriyə qayıdır, gəmi kapitanı olmaq üçün gəmiləri öyrənməyə başlayır. İki ildən sonra, artıq 24 yaşındaykən Misisipidə buxar  gəmisi  kapitanı olmaq üçün lisenziya ala bilir. Kapitan peşəsi ona ədəbiyyatda istifadə edəcəyi təxəllüsünü qazandırır. Təxəllüsün yaranma səbəbi belədir:  dənizçi suyun təxminən  4 metr- təhlükəsiz üzmə dərinliyi olarsa, ölçdükdən sonra  dərinlik “iki qulac” ( ingiliscəsi “mark twain”)

deyə çığırırmış, bu dərinlikdə olan su buxar gəmisi üçün uyğun hesab olunurdu. ABŞ-da Vətəndaş Müharibəsi ( 1861-1865) başlayana qədər kapitan kimi çalışan gələcək yazıçı müharibə zamanı Konfederativ Qoşunda könüllü  xidmət edir, az müddət keçir ki, ordudan ayrılır, Nevada ştatında qubernator vəzifəsində işləyən qardaşı Orionun yanına gedir. Lakin gələcəyinin axtarışında olan Samuel burada da qala bilmir, növbəti işi gümüş mədənlərində şaxtaçılıq etmək olur, çox keçmir ki, şaxtaçılıq fəaliyyətinə də son qoyur.

Virciniyada “Territorial Enterprise” qəzetində işə düzəlir və elə bu qəzetdə də  ilk dəfə olaraq “ Mark Twain” təxəllüsünü götürür.

1864-cü ildə San- Fransiskoya gedən Mark Tven  jurnalist kimi bir neçə qəzet üçün çalışır.

“ Kalaveras ölkəsinin məhşur tullanan qurbağası” adlı yumoristik  hekayəsi  ona yazıçılıq fəaliyyətində  ilk uğuru qazandırır. Hekayə “ New York Saturday Press” qəzetində  18 noyabr 1865-ci ildə çıxır. Az bir müddətdə hekayə bütün ölkə boyu nəşr edilməyə başlayır, onu “Amerikada indiyədək yazılmış ən yaxşı yumoristik ədəbi əsər” adlandırırlar.

Bir ildən sonra, Sendviç Adalarına ( indiki Havai adaları) “Sacramento Union”  qəzeti üçün müxbir kimi işləməyə göndərilir.  Ona yol boyu baş verən hadisələrdən “səyahətnamə” yazması da  tapşırılmışdı. San-Fransiskoya qayıdandan sonra  bu yazıları məhşurluq gözləyirdi. Daha sonra bu səyahətnamələr Mark Tvenə mühazirə demək üçün  səbəb oldu. Belə ki, “ Alta California “ qəzetinin redaktoru Con Mak Komb Tvenə ştat boyu turneyə çıxıb, mühazirə deməyi təklif etdi. Mühazirələr getdikcə məhşurluq qazanırdı və sevilirdi.

1867- ci ildə Avropaya — Aralıq Dənizi boyu səyahətə başlayır, daha sonra Yaxın Şərqə doğru davam edir. Səyahət boyu yığılan materiallar əsasında 1869-cu ildə “Xaricin Sadəlikləri “ ( “The İnnocents Abroad” ) adlı kitabı çıxır.  Bu gəzinti zamanı həmçinin gələcək həyat yoldaşının qardaşı Çarlz Lanqdon  ilə də tanış olur. Lanqdon Tvenə bacısı Oliviyanın şəklini göstərir. Tven ilk baxışdan şəkildəki qıza vurulur. Onlar 1870-ci ildə evlənirlər, cütlüyün üç qızı və bir oğlu olur. Lakin oğlu hələ körpəykən ölür. Klemenslər ailəsi öncə  Nyu-York ştatının Baffalo, daha sonra isə Hartford şəhərində yaşayır. images (1)Ailə həyatı 34 il davam edir, həyat yoldaşı Oliviya 1904-cü ildə  dünyasını dəyişənə qədər onların xoşbəxt ailəsi olur. Bu arada o,  ABŞ-da və İngiltərədə  tez-tez mühazirələr də deyirdi. Get-gedə daha kəskin satira üslubuna keçən Tven  Amerika cəmiyyətini, siyasətçilərini, dini görüşləri tənqid etməyə başlayır və bu, onun 1883-cü ildə yazdığı “Misisipidə həyat“ kitabında hiss olunurdu.

1896-cı ildən sonra Tven dərin depresiyalar yaşayır, həmin il qızı Syuzi meningitdən ölür, yoldaşı Olviya 1904-cü ildə dünyasını dəyişir, ardıyca isə 1909-cu ildə kiçik qızı Cin vannada çimərkən ölür, o, epilepsiyadan əziyyət çəkirdi. Qızlarının gənc yaşda vəfatı yazıçını kədərə qərq edir.

images1906-cı ildə qızlar üçün  “Aquarium Club” adlı klub yaradır, onları özünün mənəvi nəvələri adlandırır. Klubun üzvləri 10-16 yaşlı qızlar idilər. Tven onlarla məktublaşır, konsertlərə, teatrlara dəvət edirdi. Klubu həyatının əsas sevinci adlandırırdı.

1907-ci ildə Oksford Universiteti Mark Tvenə elmlər doktoru fəxri adını verir.

Mark Tven 1910-cu il, Aprelin 21-i stenokardiyadan vəfat edir. Onu Nyu-York ştatının Vudlon qəbirstanlığında basdırırlar.

Misuri ştatının Hanibal qəsəbəsindəki uşaqlığını keçirdiyi ev və “Tom Soyerin Macəraları” əsərində təsvir etdiyi mağaralar turistlərin ziyarəti üçün qorunub saxlanmışdır. Hartvorddakı evi isə muzeyə çevrilərək ABŞ-ın milli tarixi mülkiyyəti kimi elan  edilmişdir.

Aygün Qurbanlı

” Adəmin gündəliyi” kitabından

volo.az

Comments

comments