“ Kədəri tək yaşamaq olar, ancaq sevincdən tam həzz almaq üçün onu kiminləsə bölüşməlisən” Mark Tven

Bir insanın şəxsi faciəsi nə qədər dərindən olarsa yenə də cəmiyyətin yükünü çəkəcək qədər güclüdürsə, o insan dahidir. Tənqidlərinə görə əksər yazıları öldükdən 20-30 il sonra çap edilib, hər şeyə rəğmən, nə tənqidlərindən usanıb, nə də xeyirxah əməllərindən. Getdiyi hər yerdə ünsiyyət qurduğu insanlarla yalnız bir şeyin təbliğatını edirdi: insanlıq, qadın-kişi bərabərliyi, irqçiliyə son və təhsil.

Mark Tven bilirdi ki, onun yazıları müasirləri üçün deyil, hətta başa düşürdü ki, üstündən bir əsr də keçsə, bu yazıları  qəbul edənlər çox olmayacaq. O, humanist şəxsiyyətə sahib olduğu üçün  bəşəriyyətin yazarı idi, insanlar arasında dini, irqi və etnik ayrı-seçkiliyi  rədd edirdi. Müasirləri onu tənqid edirdilər, o isə  adəti üzrə kinayəli şəkildə belə yazmışdı: ” Əsərlərimi 50, 100, 500 ildən sonra çap edərsiniz.”  Əlyazmalarından birində belə bir qeydi də var: ” 2406-cı ildən tez aşkara çıxarmayın.” Onun əsərlərinə məktəblərdə və ictimai kitabxanalarda senzura qoyulmuşdu. Haqlı idi, ölümündən bir əsrdən çox vaxt keçib, düşüncələri ilə milyonlarla müasirlərimizdən daha irəlidir.

Müasirlərinin həyata baxışından fərqli olaraq Mark Tven qızlara və qadınlara qarşı daha proqressiv fikirdə olan insan idi. O, inanırdı ki, qadın kişinin bərabər hüquqlu yoldaşıdır, onun qulluqçusu deyil. Tven deyirdi: ” Mən üçü birində–aşbaz, xidmətçi və paltaryuyan—qadınla yatmaq istəmirəm.” Tven həyat yoldaşına sadiq idi; yazılarının ilk oxucusu o, olurdu. Oliviya Klemenslə evlənənə qədər ciddi bir söz  yazmadığını da etiraf edirdi.

Tven ilk mühazirələrini 1866-cı ildən  deməyə başlamışdı. Televizorun, radionun, telefonun olmadığı dövrdə yeganə əyləncə onun mühazirələrində iştirak edib, canlı dinləməkdən ibarət idi. Tvenin öz  fikirlərini  komedik tərzdə çatdırması dinləyiciləri ilə canlı ünsiyyətə girişməsinə asanlıqla yol açırdı. Kitabları ilə bərabər mühazirələri də ona məhşurluq gətirirdi. Tven həm də səsinə görə insanları cəlb edə bilirdi, burnunda titrək  səslə danışırdı, bu səs  əvvəlcə qulaqlarda cingiltili təsir  bağışlayırdı, sonra buraya bir də yumoristik nitqini əlavə edirdi. O, çox astadan danışırdı, öz nitqi haqda belə deyirdi : ”Özümdən də astagəl adamlar görmüşəm, hətta daha sakit, ölüvay danışanlara şahid olmuşam, məndən də tənbəl adamlar var, ancaq onlar ölmüş varlıqlardır.” Göründüyü kimi o, hər şeyə zarafatla yanaşırdı, özünü də zarafatla tənqid edirdi.

Kiçik qardaşını və öz qızlarını gənc yaşda, oğlunu isə körpə ikən itirməsi Tvenə elə dərin kədər yaşatmışdı ki, saçları vaxtından əvvəl ağappaq olmuşdu. Həyatında baş verən şəxsi faciəsinə baxmayaraq, o, yaradıcılığından və xeyirxah əməllərindən geri qalmırdı. Gündəliyinin 1909-cu il, 27 Dekabr tarixli hissəsində yazırdı: “ Yenidən gülə biləcəyəmmi? Bir daha xoşbəxt ola bilərəmmi? Öz xarakterimi tanıyıram; insan temperamentinə də bələdəm ki, o, insanı idarə edir, insan öz xarakterinin buxovlanmış köməksiz quludur, o, necə göstəriş verirsə insan da elə davranır. Hər insanın xarakteri onunla bərabər doğulur və heç bir şərtlər altında dəyişə bilməz.”

Sevimli qızlarının ölümü yazıçını  xeyirxah əməllər etmək haqda düşündürür, yaratdığı klubun 10-16 yaşlı qız uşaqlarından ibarət üzvlərinə evinin qapısını açır, onlar burada istədikləri kimi əylənə, şənlənə, kitab oxuya bilərdilər. Hətta uşaqların anaları və ya xidmətçiləri olardısa belə, onlar üçün də qonaq otaqları hazırlatdırır. Qız uşaqlarında musiqiyə, incəsənətə,mədəni zövqün formalaşmasına, kitab oxumağa həvəs yaratmaq üçün bacardığı qədər dəstək verirdi.

1893-cü ildən neft maqnatı Henri Rocerslə tanış olur və aralarında sıx dostluq yaranır. Maqnat yazıçı ilə tanış olana qədər heç bir xeyriyyə işlərində iştirak etmirdi, lakin Mark Tvenin ona təsiri o dərəcədə olur ki, o, əsl xeyriyyəçiyə çevrilir. Henri Rocers Tvenin təşviqi ilə təhsilə dəstək verir, pul ayırır, afroamerikanların və fiziki qüsurlu insanların istedadlarının üzə çıxarılmasına çalışır və onlara maddi yardımlar edir.

Mark Tven həm irqçiliyə qarşı çıxırdı, həm də qadın hüquqları təəssübkeşi idi. O, qadınların da seçki hüququna malik olmaları üçün çıxışlar edirdi. (1919-cu il, İyunun 4-ü Konqres tərəfindən qəbul olunmuş ABŞ konstitusiyasına 19-cu düzəliş, qadınlara seçki hüququ verirdi, qanun  Avqustun 18-i, 1920-ci ildə  təsdiqini tapdı. Ancaq bütün bunlar Mark Tven öldükdən 10 il sonra baş verəcəkdi.)

 

 

Qızlar üçün İvrit Texniki Məktəbində görüşdə söylədiyi nitqdən ( 1901-ci il, 20 Yanvar)

“ Qadının həyatdakı roluna baxsaq, onu deyə bilərəm ki, qadın həmişə haqlıdır. İyirmi beş ildir ki, mən qadın hüquqları təəssübkeşiyəm. Mən həmişə inanmışam, hələ anam vəfat etməmişdən çox-çox öncədən bilirdim ki, özünün ağarmış saçları və məftunedici zəkasıyla o, mənim qədər biliyə sahibdir. Ola bilsin ki, o, səsvermə haqqında mənim qədər məlumatlıdır.

Qadınların yeni qanunlar çıxarmaqda kömək etdikləri zamanı görmək istərdim. Onların əlində həmin seçki bülletenlərini, nəzarəti görmək istərdim. Bu şəhərin  iadərəçiliyinə gəldikdə isə, utancvericilikdən  savayı çox şey demək istəmirəm,ayıbdır; əgər bundan sonra 25 il də artıq yaşaya bilsəm, — bunun əksinə bir səbəb görmürəm, — düşünürəm ki, qadınların seçki bülletenlərini idarə etdiklərini görəcəm. Əgər bugün seçkilər qadınların əlində olsaydı, şəhərdəki hər şey belə vəziyyətdə olmazdı.

Əgər buradakı qadınların bugün səsvermə hüquqları olsaydı, onlar növbəti seçkilər üçün şəhər merini seçərdilər, onlar öz güclərini oyadaraq buradakı mövcud olan dəhşətli durumu dəyişərdilər.”

 

QADINLARA QARŞI  DÜŞÜNCƏ

TwainAngelfish-e1333458602483

 

 

 

 

 

 

 

Tven özünəməxsus satirik ifadə tərzilə Vaşinqton Müxbirlər Klubundakı çıxışında qadınlara aid fikirlərini aşağıdakı nitqində çatdırır:

“ Qadın – istənilən peşənin fəxridir və bizim cəvahiratımızdır.

İnsan intellekti qadınlara nə qədər borclu olduğumuzu qiymətləndirə bilməz, cənablar. O, bizim düymələrimizi tikir, paltarlarımızı yamayır, kilsə işlərimizə kömək olur, bizə etibar edir, qonşuların xırda şəxsi işlərinə qədər nə aşkarladıqlarını bizə danışır,bizə yaxşı məsləhətlər verir, qəzəbdən qalxan qaşlarımızı sakitləşdirir, uşaqlarımızı – əsas mahiyyətimizi doğur. Həyatın bütün yönlərində, cənablar, qadına “qurucu  kərpic” olduğunu söyləmək onun ədalətli və zərif haqqıdır. Qadını haraya qoyursuzsa-qoyun, cənablar, hansı vəziyyətə və ya məkana, o aid olduğu yerin bəzəyidir və dünyanın xəzinəsidir.

Cənablar, mən bir daha təkrar edirəm, qadını harada yerləşdirməyinizdən asılı olmayaraq,  o, cəmiyyətin bəzəyi və dünyanın xəzinəsidir. Sevgili kimi onun tayı-bərabəri yoxdur; yaxın qohum kimi  etibarlıdır; zəngin nənə kimi düzəlməz xasiyyətləri olsa da o, dəyərlidir; südanası kimi insanlar arasında ona tay yoxdur.

Yer Kürəsinin sakinləri qadınsız  necə olardı? Onlarsız azalardıq, kəskin şəkildə azalardıq. Gəlin onlara nəvaziş göstərək, onları qoruyaq, dəstəyimizi verək, bütün həvəsləndirici səylərimizi, simpatiyamızı, özümüzü  onlara verək – əgər şansımız varsa.

 

Bütün jestləri bir kənara qoyaq, Cənab Prezident, qadın sevilməlidir, mərhəmətlidir, xeyirxah ürəyə sahibdir, gözəldir — tamamilə hörmətə və dəyər verilməyə  layiqdir.”

Aygün Qurbanlı

” Adəmin gündəliyi” kitabından

volo.az

 

Comments

comments