Yuxu nədir və yuxu iflici haqda nə bilirik?

Yuxu nədir?

Yuxu – beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün bütün canlıların istirahətə ehtiyacı olur, bu səbəbdən də yuxu zəruri və məcburi proses hesab olunur.

Alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq yuxu ilə bağlı bəzi məqamlar tam aydınlaşdırılmayıb.

Yuxu ilə bağlı Şərq və Qərb alimləri tərəfindən fərqli fikirlər irəli sürülür. Qərblilər yuxunu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələr kimi izah edərkən, Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir ismarıc olduğunu hesab edirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətnaltı məna və ya bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.

İnsan ömrünün üçdə birini yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Psixoanalizin banisi, məşhur nevroloq, psixoloq Ziqmund Freydin yuxu haqqında fikirlərinə görə, yuxu insanın şüuraltında gizlənmiş bəzi məqamların qısa metrajlı görüntüləridir. Yuxularda bəzən yaşamaq istədiklərimizi, bəzən keçmişimizdən bəzi anları, bəzən də gələcəkdə yaşayacaqlarımız barədə qısaca məlumatlar görürük.

Uzun illər ərzində bir çox fikirlər irəli sürülsə də, alimlər tərəfindən yuxu haqqında yekun bir fikrə,dəqiq nəticəyə gəlinməmişdir. Ancaq yuxu pozğunluğunun bir çox xəstəliklər haqda xəbər verməsi, yuxusunu tam alan və günortalar yatan insanların digər insanlara nisbətən daha az xəstəliklərə tutulduğu, daha xoşbəxt hiss etdiyi faktları müşahidə edilmişdir.

Yuxuda ikən göz əzələlərindən başqa bütün bədən əzələləri müvəqqəti iflic vəziyyətinə düşür. Bu vəziyyət REM adlanır (Rapid Eye Movement-yuxulu olduğumuz vaxtın yuxu görmə hissəsi). Ən hərəkətli yuxuları gördükdə belə, əzələlər hərəkətsiz və boş olur, daxildə hiss edilən həyəcanı əks etdirmir. Əgər belə olmasaydı yuxuda gördüyümüz hərəkətləri bədənimiz də yerinə yetirərdi. Məsələn, yuxuda qaçırıqsa ayaqlaımızı və əllərimizi hərəkətə gətirərdik.

Yuxu zamanı sinir hüceyrələri təsadüfi şəkildə bir-biriylə əlaqəyə girir. Beynin ön tərəfində qavrayışı təmin edən  bölmə olan fontal korteks fəaliyyətini dayandırır. Bu zaman məntiq, mühakimə, rəy bildirmə, məkan və zaman anlayışları  etibarlılığını itirmiş olur. Bu səbəbdən , yuxularda bir dəqiqə əvvəl bir yerdə olduğumuz halda, bir dəqiqə sonra özümüzü tamamilə başqa bir yerdə görə bilərik.

Yuxu iflici haqqında nə bilirik?

Yuxu ilə bağlı ən maraqlı fenomenlərdən biri də yuxu iflicidir. Yəqin ki, siz özünüzdə və ya yaxınlarınızda bu halı müşahidə etmisiniz – yuxudan oyanırsınız, amma hərəkət edə bilmirsiniz, danışmaq istəyirsiniz, səsiniz çıxmır, hətta bəzi zamanlarda sinənizdə böyük ağırlıq hiss edirsiniz. Bu zaman eşitmə və görmədə illiuziyalar yarandığı üçün “eşidəcəyiniz” pıçıltılı səslər və “görəcəyiniz” eybəcər məxluqlar və ya qara kölgələr təbii olaraq qorxuya səbəb olsa da, yuxu iflici hər hansı bir xəstəliyə səbəb olmur. Yuxu iflicinin yaranma səbəbləri tam müəyyən olunmasa da, bəzi variantlar mütəxəssislər tərəfindən təsdiqlənib.  Belə ki, tez-tez iqlim şəraitini dəyişən, yuxu rejimi pozulan, az yatan, çox stres keçirən, qan dövranı zəif olan, psixoloji gərginlikləri çox olan, arxası üstə yatmağa üstünlük verən və narkotik asılılıqları olan insanlarda bu halın daha çox baş verdiyi müşahidə olunmuşdur.

tn-domovoy-dushit-vo-sne-pochemu-avtor-1-650x325-1436178860Yuxu iflici – şüurun oyaq, bədənin isə yuxuda olduğu zaman baş verən prosesdir.Bu hal daha çox yuxuya təzə gedəndə və ya yuxudan oyanmağa az qalmış baş verir və bir neçə saniyədən iki dəqiqəyədək davam edə bilər. Əsasən yeniyetmələrdə müşahidə olunsa da, böyüklərdə də kifayət qədər rast gəlinir. Xəstəlik hesab olunmasa da, bu xoşagəlməz hallarla qarşılaşmamaq üçün və ya qarşılaşdığınız zaman aşağıdakılar məsləhət görülür:

  • Sinənizdə ağırlıq hiss etdiyiniz zaman buna müqavimət göstərməyin, bir neçə saniyəyə sakitləşib oyanacağınızı bilməlisiniz. Əks halda müqavimət zamanı ürək döyüntüləri arta, halüsünasiyalar daha qorxulu hal ala bilər.
  • Yuxu rejiminizi qaydaya salmağa və bacardıqca arxası üstə yatmamağa çalışın.
  • Stresdən uzaq olmaq məsləhətdir.
  • Əgər hər gecə, bir gecədə bir neçə dəfə və ya günaşırı yuxu iflici keçirirsinizsə, evdəkilərdən kömək istəyin, yuxuda tez-tez nəfəs aldığınızı, tərlədiyinizi, gözlərinizin tez-tez hərəkət etdiyini müşahidə etsələr, sizi oyatsınlar.
  • Yatmazdan öncə su və təmiz hava qəbulu da məsləhətdir.
  • Nə qədər çətin olsa da, barmaqlarınızı tərpətməyə cəhd edin.

Yuxu iflici ilə bağlı dünya xalqlarında fərqli mifologiyalar formalaşıb. Belə ki, Şərq xalqları bu vəziyyəti “cintutma” adlandırır, bəziləri hesab edir ki, bu, evdə kök salmış pis ruhlar, kabuslardır. Çuvaşlar bununla bağlı Vibor adlı xüsusi personaj da müəyyən ediblər. Kalmıklar Xar Dərna adlı cinin əməli olduğuna inanırlar. Guya o, insanı yuxusunda boğur. Basklar isə deyir ki, İnquma adlı ruh insanı, baş verə biləcək pis hadisədən məhz bu yolla xəbərdar edir. Yaponlar isə Kanasibari adlı nəhəng məxluqun ayağını insanın sinəsinə qoyduğu üçün yuxu iflicinin baş verdiyini düşünür.

Hazırladı: Pərvanə Əliyeva

Volo.az

Comments

comments