“Azadlıq varoluşun bir parçasıdır. Boş inanclar, adət ənənələr, azadlığı qısıtlayan nə varsa, gözdən çıxarılmalıdır” – Qağayı Jonathan Livinqston

“Azadlıq varoluşun bir parçasıdır. Boş inanclar, adət ənənələr, azadlığı qısıtlayan nə varsa, gözdən çıxarılmalıdır”

Richard Bach tərəfindən 1972-ci ildə yazılan “Qağayı” hekayəsi bir qağayının sərhədlərini aşaraq sürüdən ayrılıb yeniliklərə yönəlməsi və digər qağayıların da yeniliklərə yönəlməsinə səbəb olmasından bəhs edir. Çıxdığı yolda müxtəlif çətinliklərlə qarşılaşsa da qəhrəmanımız əsla hədəfindən yayınmır. Öz üzərində çalışaraq özünü təkminləşdirir və sonunda hədəflərinə çatır.

Qağayı Jonathan Livingston özünü digər qağayılardan fərqli görür, çünki onların tək məqsədləri qarınlarını doyurmaqdan ibarətdir. Lakin uçmağı çox sevən Livingston  üçün əsas məqsəd yemək deyil, uça bilməkdir. Ailəsi də daxil olmaqla ətrafındakı hər kəs Livingstonu bu həvəsindən uzaqlaşdırmaq istəsə də o, heç kimi dinləməz və uçmaq üçün məşqlər edir. Bir müddət məşq etdikdən sonra, o sürüdən ayrılır və öz başına uçmağa başlayır.

Jonathan yer üzündə akrobatik hərəkətlərlə uçmağı bacaran yeganə qağayı olur. “Cəhalətimizdən qurtulub istedadımız və zəkamızdan faydalanaraq mənliyimizi tapa bilərik. Ən vacibi azad ola bilərik!”-deyə düşünən Jonathanın işləri planladığı kimi getmir. Qağayılar iclas keçirdərək Jonathanı özbaşınalıq və məsuliyyətsiz adlandıraraq sürüdən çıxardırlar. Livingston nə qədər yalvarsa da, qağayılardan daha bir şans istəsə də, öyrəndiklərini onlara da öyrədə biləcəyini desə də, qağayılar onu dinləmir və Livngston yalnız qalır.

Bundan sonra o, göylərdə yalnız uçmağa başlayır və bir gecə yarısı uçarkən iki qağayı ilə rastlaşır. Livingston bu iki qağayının uçma tərzlərinə heyran qalır və onlara qoşularaq göy üzündə uçub qaranlıqda gözdən itir.

Kitabın ikinci hissəsində Livingston başqa bir planetdə, başqa bir mühitdə həyat sürməkdədir. Burada onun işıq saçan qanadları vardır və o, elə hesab edir ki, indi onun yaşadığı yer elə cənnətin özüdür. Burada onun ətarfındakı qağayılar da indiyə qədər onun tanıdığı qağayılardan fərqlidirlər. Onlar özlərini inkişaf etdirən və müxtəlif cür uçma tərzlərini məşq edən möhtəşəm quşlardır. Livingston burada sərhədlərin olmadığını öyrənir, Sullivan və Chiang adlı iki quş ona çox şey öyrədir.

Günlərin birində Jonathan öyrəndiklərini dünyadakı qağayılardan bəzilərinin də öyrənmək istəyəcəyini düşünür. Sullivan buna nə qədər qarşı çıxmağa çalışsa da Livingston onu dinləmir. Beləliklə də Livingston dünyaya qayıdır və öyrəndiklərini oradakı bəzi qağayılara öyrətməyə başlayır.

Üçüncü bölümdə Livingston yenidən doğulub böyüdüyü yerdədir və bəzi tələbələrlə yeni uçuş yöntəmlərini məşq edir. Jonathanın ilk tələbəsi olan Fletcher də sürüdən atılmışdır. Daha sonra başqa yeni fikirli qağayılar da Livingstonun təlimlərinə qatılır. Günlərin birində Livingston tələbələri ilə birlikdə sürünün olduğu bölgəyə gedir və uçuş təlimlərinə orada davam edir.  Bundan sonra hər gün bir iki qağayı sürüdən ayrılaraq onun təlimlərinə qatılır.

Təlimlərin birində Fletcher balaca bir qağayıya ziyan vurmamaq üçün yolunu anidən dəyişib qayaya dəyir. Hər kəs onun öldüyünü düşünür. Lakin Fletcher heç nə olmamış kimi ayağa qalxır və uçmağa davam edir. Bu səhnəni izləyən dörd min qağayı bunun şeytan əməli olduğunu düşünür və ona qarşı təzyiqlər edirlər. Fletcher və Livingston onlardan özlərini müdafiə etmək üçün min metr uzağa uçurlar.

Fletcher çox təəccüblənmişdir. Bu necə ola bilərdi? Səhərisi gün Livingston Fletcherə deyir: “Sənin artıq mənə ehtiyacın yoxdur. Indi sən özünü arayıb tapmalısan. Özünü öyrənməyə və anlamağa çalış!”.

Bunları dedikdən sonra Livingston gözdən itir. Fletcher bayrağı Livingstondan almış və digər tələbələrinə yeni uçuş mexanizmi təlimlərini öyrətməyə başlamışdır.

1936-cı il təvəllüdlü Amerikalı yazar Richard  Bach tərəfindən yazılan bu hekayə ilk dəfə 1970 ci ildə nəşr edilmişdir. Kitab 1973-cü ildə “New York Times Best Seller” siyahısında ilk yerdə qərarlaşdı. Kitab yenilikçi və fərqli fərdlərin cəmiyyətin stereotipləri ilə olan mübarizəsini çox gözəl əks etdirir.

2014-cü ildə yayımlanan yeni nəşrində kitaba dörd bölüm də əlavə olundu. Hall Bartlett kitab əsasında  eyni film də çəkmişdir.  Filmin baş rolarında James Franciscus və Juliet Mills oynamışdır.

hazırladı: Ayşən Məmmədova

volo.az

Comments

comments