Misir miflərində tanrıçalar

Bir cəmiyyəti anlamaq üçün həmin cəmiyyətin yaratdığı miflərə və dinlərə baxmalıyıq. Tarix boyu bu miflərin hansı dəyişikliklərə məruz qaldığını tədqiq edərək  həmin cəmiyyətin gündəlik həyat tərzini geniş şəkildə anlamağa müvəffəq oluruq.  Belə ki, Neolit dövründə Misirin din və mifologiyasını öyrənərkən, miflərdəki dəyişikliklərin izi ilə illər keçdikcə gücün qadından kişiyə necə keçməsi haqda  nümunələri görə bilirik. E.ə. 1570-ci ilə qədər Misirdə Anaxaqanlığın Ataxaqanlığa tamamilə keçidi sezilmir. Neolit dövrü boyunca Yaxın və Orta Şərqin bütün hissələrində Tanrıça inancına sitayiş geniş yayılmışdı. Tapılmış Venera heykəlciklərin ( qadın fiqurlu kiçik hetkəlciklər) oxşarlığı bu bölgələrdə ibadət və ritualların da oxşarlığına sübutdur. Bu Tanrıça inancı Misirdən Mesopatamiyanın şimal-şərqinə qədər uzanan qonşu ərazilərdə, xüsusilə  təsərrüfata əsaslanan cəmiyyətlərdə Matriarxatlığın mövcudluğuna işarə ola bilər.

E.ə. 3000 – ci ilə qədər Misir Üst Misir və Alt Misirə bölünür: Üst Misirdə Tanrıça Nexbet, Alt Misirdə isə Ua Zitdir. Nexbet quzğun, Ua Zit isə kobra kimi təcəssüm etdirilir. Tədricən kobra, heroqliflərdə “Tanrıça” sözünü simvollaşdırdı.

Mesopotamiyadan gəlmələrin işğalı ilə Misirdə monarxiya, kərpiclə inşa və yazı anlayışları yarandı, həmçinin Misir incəsənətinə Mesopotamiya motivləri  əlavə olundu: onlar öz kişi tanrılarını da gətirmişdilər. Bu işğala qədər Ua Zit və Nexbet ən üst tanrıçalar hesab olunurdular, monarxiya yarandıqdan və Üst və Alt Misir bir hakim altında birləşdikdən sonra bu tanrıçalar da alt sinfə endilər.

Həm də Hasor kimi tanınan Ua Zit, yaradılışın ilk anlarından mövcud olduğu düşünülən ilkin ilan idi, yeri-göyü və bütün mövcudiyyəti  yaratmışdı.  Hasor bütün yaradılışı məhv edib, Özünə- ilkin ilana-  qayıdacağını bəyan edirdi. Yaradılış haqda bu əfsanə, Mesopotamiya yaxınlığındakı Tiamed əfsanəsinin başqa bir variantına da bənzəyir və Misirin buraya olan mədəni təsirinə işarədir.

Dini və sosial çevrilişin bu dövründə Misirlilərin bütün tanrıları çoxlu sayda dəyişikliklərə məruz qalır. Şəkillər  günəş tanrısı Hor-Verin göylər gəmisini sürdüyünü göstərir. Bu tanrı Şu ( Shu)  və ya Hava Sahibi kimi də tanınırdı. Heroqlifləri öyrənərkən, hava işarəsi həm də gəmi üzməsi, gəminin ön hissəsində görünən Tanrı sözünün işarəsi isə bir sıra bayraq və ya tanrıları bildirir. Bu ilk kişi tanrı, Misirin öz əhalisi arasında təbii oyanan kişi- tanrı inancından daha çox, zorakı müdaxilənin əlamətidir.

Hor-Ver və ya Horusun ardıcılları Misiri işğal edib, birləşdirərək təbəqə formalaşdırdı. Şemsu-Hor kimi tanınan bu təbəqə Misirin bütün siyasi aspektlərinə təsir edirdi. Sözü gedən dövrə aid qeydlər onu göstərir ki, qırmızı saçlı kişiləri Osirisin məzarı yanında qurban verirlərmiş. Qırmızı saç ona dəlalət edir ki, bu kişilər buralara yad adamlar imişlər və onların qurban verilməsinin arxasında duran rəmzi məna Osiris, Horus Və İsisə gedib çıxır.

Isis də ilahədir. ( haqqında ilk mənbə 5-ci sülalədə – e.ə. 2494- 2345, hökmdar Nyuserre İninin günəş məbədində rast gəlinir.) İsis adının Yunan mənşəli olmasını vurğulamaq vacibdir, tanrıçanın Misir adı Au Set idi. İnsan vücudunda İsis, Ua Zit kimi alnına kobra taxırdı və Nexebtin qanadlarını geyinmiş halda təqdim olunurdu. Bu onu göstərir ki, bu ilahə hər iki tanrıların kuliminasiyası idi. Ptah- bütün kainatı və varlığı yaradan tanrı- yaranana qədər,  İsis təsərrüfatı və torpaq haqda qanunları  yaradan tanrıça  kimi təcəssüm olunurdu. İlahə həmçinin Nut və Hasorun da mövqeyini yüksək dəyərləndirirdi.

Nutun Hasora qədər mövcud olduğu deyilir;  Nut- İlahə bütün olanlara görə cavabdeh idi. Hasor mühüm tanrı olduqdan sonra, Nutun əhəmiyyəti azalır, sonralar isə  Nutun İsisin anası olduğu məlum olur. İsis dövrünün yeganə tanrıçası deyildi, Maat da ilahə idi. O, kainatın düzgün nizam-intizamına cavabdeh kimi təqdim olunurdu və öz individuallığını kişi tanrıların mülkünə keçənə qədər saxladı. Maat öncə Horusun, daha sonra Ranın və nəhayət Ptahın gözü kimi tanındı. Maat həmçinin kobra simgəsi- ağıl, müdriklik kimi anlaşılırdı. Maatla yanaşı, çoxlu sayda daha kiçik ilahələr də vardı: Bast, İusaset, Sexmet.

İsis hələ də Misirin başında qalırdı, ən azı mifik mənada başında. Bu, Misirdə qadınların söz sahibi olmalarına işarə edirdi. Hüquqi çərçivədə qadınlar və kişilər bərabər idilər. Misirin tam əksi olaraq, Antik Yunanstanda qadınların hüquqları qanunla qorunmurdu, şəxsi mülkiyyətə sahib ola bilməzdilər, hüquqi problemlərini yoluna qoymaq üçün həmişə bir yaxını, ailə üzvü  kişi vasitəsilə iş görməliydilər, bu kişi onların atası,qardaşı, əri, oğlu ola bilərdi. Misirdə isə bunların tam əksi yaşanırdı, Misirli qadınlar şəxsi mülkiyyətə sahib olmaqla yanaşı, onu idarə edə bilərdilər, öz adlarıyla müqavilə imzalaya, mülki məhkəmə işi qaldıra, məhkəmədə şahid qismində iştirak edə bilərdilər. ( Canet H. Conson, Çikaqo Universiteti, Misirşünas professor)

Tədricən hakim sinif daxilində hiss olunmayacaq dəyişiklik meydana çıxdı, bacı-qardaş evliliyi oğlan övladların saray üstünlükləri əldə etmələrinə imkan yaradırdı. Hakimiyyətə yönəlik siyasətdəki bu dəyişiklik İsis və Osirisin mifində də əks olunur, İsisin qardaşı olan Osiris həm də onun sevgilisi olur.

E.ə. 2400 illərdə  Kənan Ölkəsindən ( günümüzdəki  Suriya,Livan, İsrail, İordaniya əraziləri) keçib gələn bir sıra aqressiv qəsbkarlar dinlərini özlərilə gətirdilər: ali Ata Tanrıya ibadət edən patriarxal din. İşıq Tanrısı kimi də tanınan bu Tanrı,  Zərdüştlərin Ahura Məzdası idi. Bu faktın işığında, Piramida mətnlərindəki Horus və Ranın bərabərliyinin önə çıxmasını görürük. Hor-Ver kimi Ra da öz müqəddəs gəmisində səmalarda üzən günəş kimi təsvir olunur və İşıq Allahı kimi tanınır. Bu fakt, Hind-Avropalıların Misirin mif strukturunu da qəsb etməsinə işarədir. İllustrasiyalar göstərir ki, din və siyasət oxşar xəttlə gedirdi və tarixdə elə bir mühüm hadisə və ya vuruş yoxdur ki, o, mədəni irsə, mifologiyaya  təsir etməmiş olsun. İşğalçılar daha çox ərazilərdə kök saldıqca, dinlər də bir-birinə sarılırdılar. Yadellilərin yerli xalqın İlahəyə ibadət etmə inancını dağıtmaq və ya kiçiltmək cəhdlərinə baxmayaraq, İsis və onun çoxlu tanrı sifətləri davamçıları tərəfindən çəkilməyə hələ də davam etdirilirdi. Kişi və qadın tanrılar arasındakı müharibəyə misal kimi Ra və Zet arasındakı çəkişməyə aid əfsanəyə diqqət edək. Zet qaranlıq ilanı idi, Ra isə gündüzlər, günəş çıxanda vuruşurdu. Bu mifin arxasında gizli saxlanan məna, ilkin İlahə- ilan və şimaldan gələn yeni allah Ranın mübarizəsi idi.

Mübarizə aparan ideologiyalar arasında mübarizəyə dair başqa bir taktika Ptah tanrının təqdim olunmasıdır. Ptah ilahi parçalanma nəticəsində, öz-özünə yaranmışdı və bütün mövcudiyyətin yaradıcısı hesab olunurdu. Bu, sonralar İsis və Nuta olan ehtiyacı aradan qaldırdı. Ptah boşu-boşuna meydana gəlməmişdi, qadın ilahələri “öldürmək” və ya ər üstünlüyünü təməlini qoymaq üçün idi.

E.ə. 1900-ci illərdən mixi yazıların Misirə gəlməsilə cəmiyyətdə tədrici dəyişikliklər baş verdi. E.ə. 1570-ci ilə qədər qadınlar artıq öz istəklərilə ər seçmək hüququnu itirmişdilər, qadın ərinin hökmranlığı altına keçmiş, uşaqlar ata kökünə aid edilirdilər. Patriarxatlıq ciddi şəkildə öz yerini almış və hökmdarlar qonşu ölkələrdən onlar üçün xərac kimi göndərilən qadınlarla evlənirdilər, məbədlərdə rahibələrə rast gəlinmirdi. Sosial strukturdakı qəti dəyişiklik e.ə. 1353-cü ildə Amenxotep  dini inqilabı ilə yüksək həddə çatdı. Amenxotep Radan başqa bütün tanrıları rədd etdi, adlarını tikililərdən sildirdi, Ranın adını isə Aton ilə əvəzlədi, özünü baş kahin elan etdi, paytaxtı yeni salınmış El Amarnaya köçürdü.  Bunu etməklə patriarxal cəmiyyətin əsasını qoymağa nail oldu. Misirdə tək tanrıya inanc  Amenxotepin istəyilə yaranmış olsa da,  ömrü qısa oldu. Amenxotep öldükdən sonra Amon inancı unuduldu, paytaxt yenidən Fiv şəhərinə qaytarıldı. Dəyişikliklərə baxmayaraq,  Misirdə artıq matriarxat cəmiyyət erası sona çatmışdı.

Misir Tanrıçalrı

Amaunet – Tanrı Amonun arvadı və yaradıcı tanrıça idi. Onu insan bədənli və ilan başlı təsvir edirdilər.

Amentet – Ölülər yurdunun tanrıcası idi, ölülərə himayədarlıq etdidirdi.

Anuket – Nil çayının bir pissəsinin,  Elefantina adasının himayəçisi idi. Başında lələklər təsvir olunurdu. Nilin illik daşqınları zamanı Tanrıçaya təşəkkür əlaməti olaraq, insanlar çayın içinə qızıl, cəvahirat və digər dəyərli əşyalar atırdılar.

Bastet. Pişik başlı qadın kimi təsvir olunan bu tanrıça sevgi, sevinc, gözəllik və qoruma  tanrıcası idi.

Maat.  Ədalət, həqiqət və intizam tanrıçası idi, ona Misirin bütün bölgələrində sitayiş olunurdu. Başında bir dəvəquşu lələyi və qanadları olan qadın kimi təsvir olunurdu.

Qədim Misirlilərin itaət etdikləri Maatın 42 prinsipi:

  1. Heç kimi öldürmədim, heç kimə kimisə öldürməyi təklif etmədim
  2. Zorakılıq tətbiq etmədim.
  3. İntiqam və qəzəb hissi ilə alışıb yanmadım
  4. Dəhşətə səbəb olmadım
  5. Heç kimə qarşı hücuma keçmədim, heç kimin ağrısına səbəb olmadım
  6. Əzaba səbəb olmadım
  7. Insana və ya heyvana heç bir zərər vurmadım
  8. Göz yaşlarının axmasına səbəb olmadım
  9. Insanlara qarşı pis olmadım, onları pis niyyətimə qatlanmağa məcbur etmədim
  10. Mənə aid olmayan heç nəyi nə oğurlamadım, nə də götürmədim
  11. Yeməyimdən mənə düşən ədalətli paydan artığını götürmədim
  12. Məhsula, tarlaya, ağaclara ziyan vurmadım
  13. Qanunla bir kəsə məxsus bir şeyi onun əlindən almamışam
  14. Saxta şahidlik etməmişəm, yalan iddiaları dəstəkləməmişəm
  15. Yalan danışmamışam, başqasını incidən saxta sözlər işlətməmişəm
  16. Qızğın sözlərdən istifadə etməmişəm, fitnə törətməmişəm
  17. Heç kimi incidəcək xəyanət etməmişəm
  18. Başqalarına qarşı nifrətlə danışmamışam
  19. Heç vaxt heç nəyə gizlincə qulaq asmamışam
  20. Həqiqətdən, doğrudan yayınmamışam
  21. Heç kimi tez-tələsik mühakimə etməmişəm
  22. Müqəddəs yerlərə qarşı hörmətsizlik etməmişəm
  23. İşçilərə, məhbuslara qarşı pislik etməmişəm
  24. Əsaslı səbəbim olmadan heç vaxt hirslənməmişəm
  25. Axan suyun qarşısını almamışam (axmağına mane olmamışam)
  26. Suyu boşuna sərf etməmişəm
  27. Suyu, torpağı çikləndirməmişəm
  28. Əbəs yerə Tanrının adını çəkməmişəm
  29. Tanrılara nifrət etməmişəm, hirslənməmişəm
  30. Tanrılardan heç nə oğurlamamışam
  31. Olacaq bir şeyə görə nə artığını vermişəm, nə əskiyini
  32. Qonşumun malına tamah salmamışam
  33. Ölmüş adamı soymamışam, təhqir etməmişəm
  34. Müqəddəs günləri yadımda saxlayıram və izləyirəm
  35. Tanrıların verdiklərinə üz döndərməmişəm
  36. Müqəddəs ayinlərə müdaxilə etməmişəm
  37. Pis niyyətlə müqəddəs heyvanları qətl etməmişəm
  38. Biclik və sırtıqlıq etməmişəm
  39. Heç vaxt özümlə fəxr etməmişəm, lovğalıq göstərməmişəm
  40. Öz şəraitimi mümkün olduğundan daha çox dəyişməmişəm ( böyütməmişəm)
  41. Gündəlik öhdəliklərimdən daha az iş görmürəm
  42. Qanuna tabeyəm, dövlətə xəyanət etməmişəm

Naunet.  Dünyanın başlanğıcında olduğu düşünülən tanrıça idi, səmanı yuxarı qaldıran dağları saxlamışdı ki, günəş tanrısı sulu uçurumlardan doğularkən ona kömək etsin.

Nebethet (Neftis).  Gizli olan hər şeyin, eləcə də ölüm tanrıcası idi. Bəzi yerlərdə ona təbibliyin tanrıcası kimi tapınırdılar.

İsis  ( Auset) – Yalnız  Misirdə deyil, qədim dünyada ən böyük tanrıcalarından biri olmuşdur. Bütün  xalqların tanrıçalarının  bu tanrıca ilə oxşarlığı vardır.

İsis Geb ( Yer) və Nut ( Səma) tanrılarının qızı, Osirisin bacısı və arvadıdır. Horusun anasıdır. (  Xristianlıqda Madonna və Körpə təsvirləri İsis və Horusun təsvirlərinin davamııdır)

Osiris Set (səhra, tufan, qarışıqlıq, zorakılıq tanrısı) tərəfindən öldürüldükdən sonra İsis bütün dünyanı gəzir və onun parçalarını toplayır. Bacısı Nefsis, Anubis və Thosun köməkliyi ilə ilk mumyalamaq və yenidəndoğulma ( yenidən yaranma) ayinini yerinə yetirir və Osirisə əbədi həyat bəxş edir. Osiris ölməzliyə ucalır, İsis isə oğlu Horusu güclənib intiqam ala bilənə qədər gizlədir.

Hazırladı: Aygün Qurbanlı

volo.az

Comments

comments

Bir cavab yazın